- 8 oktyabr, 19:08
- 387 dəfə oxunub
- 0
Azərbaycan-Bolqarıstan əlaqələri yeni inkişaf mərhələsində
İki dövlət arasında əməkdaşlıq münasibətləri Ulu öndər Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstana rəsmi səfərindən sonra daha da genişlənib.
Hazırda Azərbaycanla Bolqarıstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyev sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfər Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin bu tarixi səfər Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində rolunun getdikcə artması prosesinin daha da sürətləndiyini təsdiq edən hadisədir. Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın davamlılığını təmin edib.
Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövr ərzində iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Bir sözlə, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.
Azərbaycanın Bolqarıstan üçün etibarlı tərəfdaş olması mövqelərimizin hər zaman üst-üstə düşməsinə gətirib çıxardır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Dövlətimizin başçısı oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərək Azərbaycan qazının iki ildir ki, Avropa bazarlarına çıxdığını və indi isə Bolqarıstana daxil olduğunu vurğulayaraq bu layihənin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağını qeyd etdi. Azərbaycanın uğurlu enerji siyasəti Bolqarıstan üçün də faydalıdır.
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Bu layihənin açılışında qonşu ölkələrin liderlərinin də iştirak etməsi Azərbaycan qazının Avropa üçün çox böyük önəmindən xəbər verir.
Uzun illər Azərbaycan Avropa bazarında etibarlı neft təchizatçısı olması ilə yanaşı eyni zamanda, hazırda Avropanın etibarlı qaz təchizatçısına çevrilir. Ölkəmiz tezliklə Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında bir müddət əvvəl enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, növbəti bir neçə ildə ölkəmiz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracaqdır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi və Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə daha önəmli rol oynamasını təmin edir.
Onu da qeyd etmək lazımdlr ki, Azərbaycanla Bolqarıstan arasında İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.Bir sözlə tam əminliklə söyləyə bilərik ki, Azərbaycan Bolqarıstan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.
Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı.