» » Qalib dövlət, məğrur xalq kimi başımız uca, alnımız açıqdır


Qalib dövlət, məğrur xalq kimi başımız uca, alnımız açıqdır

Sentyabrın 27-si Azərbaycanın tarixində silinməz bir iz buraxdı. Həmin gün 30 ildən bu yana davam edən Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Bu, o Vətən müharibəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Azərbaycan bu müharibəni istəmirdi və əgər ikinci bir seçim olsaydı, bu zaman II Qarabağ müharibəsi olmaya bilərdi. Bunun üçün işğalçı Ermənistan sadəcə ölkəmizin ərazisindən öz qoşunlarını çıxarmalı idi. Lakin bu baş vermədi. Əksinə, ötən əsrin sonlarında torpaqlarımızın 20%-ni işğal edən erməni separatçıları bütün bu illər ərzində bəsləndikləri cəzasızlıq mühitinin təsirindən daha da azğınlaşır, ölkəmizə qarşı davamlı təxribatlar törədir, yeni ərazi iddiaları irəli sürürdülər. Məhz iki il bundan əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması Azərbaycan Ordusunu əks -hücum əməliyyatına başlamasına səbəb oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini böyük ruh yüksəkliyi ilə qarşılayan Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq nümayiş etdirdilər. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Canları, qanları ilə tarix yazan Vətən oğulları şəhidlik zirvəsinə ucaldılar. 44 günün hər günü tariximizə Zəfər səhifəsi kimi yazıldı.
Müdrik Azərbaycan  xalqı 27 Sentyabr-Anım Günündə möhtəşəm həmrəylik ifadə edərək torpaq uğrunda  canından keçən qəhrəman Vətən övladlarını qürurla andı. 27 sentyabr tarixində insanlarımız şəhidlər xiyabanlarına, şəhid məzarlarını ziyarət edərək qəhrəmanların əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxudular. Füzuli rayonunun Qaraxanbəyli kəndi İkinci Qarabağ müharibəsinin ilk günündə işğaldan azad olunub və ilk şəhidlərimizi bu ərazidə vermişik. 27 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək bu ərazidə Şəhidlərimizin şərəfinə ucaldılmış xatirə lövhəsinin ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Burada çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, yaxınlığında abidənin ucaldıldığı Qaraxanbəyli kəndi, eləcə də Füzuli rayonunun Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri müharibənin ilk günündə şanlı ordumuz tərəfindən azad edilib. Həmçinin bu ərazilərdə II Qarabağ savaşının ilk şəhidləri Vətən uğrunda öz canlarını fəda etmişlər.         

27 sentyabr tarixi həm də Zəfərə gedən yolun başlanğıcı, milli iradənin, ləyaqətin təntənəsidir. Məhz Azərbaycan əsgərinin Zəfər salnaməsi, qəhrəmanlıq dolu dastanı həmin gündən yazılmağa başladı. Vətən müharibəsi birdaha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdəndir. Xalqımız hər zaman əmin idi ki, dövlətimizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, Azərbaycan Bayrağı bu ərazilərimizdə dalğalanacaq.
 Prezident İlham Əliyev xatirə lövhəsinin qarşısında çıxışı zamanı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri, bu torpaqlara yenidən həyatı qaytarırıq. 
Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR