» » Azərbaycan – Qazaxıstan həm strateji tərəfdaş, həm də müttəfiqdir


Azərbaycan – Qazaxıstan həm strateji tərəfdaş, həm də müttəfiqdir

 Azərbaycanı Qazaxıstanla ortaq tarix, mədəniyyət və milli köklər bağlayır. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər.

   Tarixən xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri, eləcə də çox sıx iqtisadi, siyasi əlaqələr mövcud olub. İki ölkənin münasibətlərindəki yaxınlıq onların eyni siyasi quruluş və dövlət tərkibində olmalarından da qaynaqlanır. Hazırda ölkələrimiz arası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır.
 
     . Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə 24 avqust tarixində görüşü bir daha göstərdi ki, beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. Azərbaycana yüksək səviyyəli rəsmi səfər və qarşılıqlı əməkdaşlığa dair 20 sənədin imzalanması ölkələrimiz arası münasibətlərin gələcək inkişafında böyük perspektivlərin olacağını deməyə imkan verir. Xüsusilə qeyd etmək lazımdır ki, prezidentlərin imzaladıqları “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” ölkələrimiz arası inkişafın vektorlarını müəyyənləşdirir. Bəyannamə ikitərəfli əməkdaşlığın çox istiqamətlərini ehtiva edir və gələcək fəaliyyət üçün çox ciddi baza rolunu oynayır.

    Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi qeyd edilib. Sənədin məzmunu onun ikitərəfli əlaqələrin inkişafı üçün hansı əhəmiyyəti daşıdığını bir daha göstərir.

          Sənədlər ümumilikdə iki ölkənin gələcək inkişafının aydın mənzərəsini təqdim edir. Bir əsas məqamda odur ki, avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə daxil olur. 30 illik  inkişaf yolu keçən bu əməkdaşlıq artıq strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlir. Səfər zamanı diqqətçəkən mühüm hadisələrdən biri də  Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi oldu.  Ölkə rəhbərinin bu ali orden ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

          Atılan hər bir addım, imzalanan hər bir sənəd əlaqələri daha da möhkəmləndirir, yeni prioritetlər üzrə inkişafına stimul verir. İkitərəfli əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycan və Qazaxıstan Prezidentlərinin mətbuata bəyanatları zamanı qeyd etdilər ki, beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək.

          Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Qazaxıstan bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Həmçinin Azərbaycanın Zəfərinə böyük dəyər verən və sevinən ölkədir. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) böyük ümidlər bəslədiyi zaman da Qazaxıstan Azərbaycanın apardığı haqq işini dəstəkləyib və ərazi bütövlüyümüzün təmin olunmasına hörmətlə yanaşdığını bildirib.

Postmünaqişə dövründə də Qazaxıstan bizim yanımızdadır. Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü bu dəstəyin davam etdiyini təsdiqləyir. Bütün bunlar bir daha onu göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun olaraq daha da inkişaf edəcək.
          
          Samir Ağayev
          YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR