» » Səhnədə davam edən mənalı ömür yolu


Səhnədə davam edən mənalı ömür yolu

Yaradıcılığıyla tanış olsam da, özüylə şəxsən tanış deyildim. Həmişə onunla telefonla danışırdıq. Bu yaxınlarda, sənətkara zəng vurub hal-əhval tutduqdan sonra Ağdama gələcəyimi, onunla görüşməyimi, Ağdam Dövlət Dram teatrının yaradıcı kolektiviylə yaxından tanış olmağımı söylədim. 

Ustad sənətkar Kərim Xançoban buna çox sevindi. Sabah günortaya kimi Quzanlı qəsəbəsində yolumu gözləyəcəyini bildirdi. Hər ikimiz telefonda sevinclə xudahafizləşib, görüşmək ümidiylə dəstədi asdıq. Sabahısı Gəncədən  Ağdamın Quzanlı qəsəbəsinə yola  düşdüm. Yarım saat gecikdiymi  görüb, dalbadal iki dəfə mənə zəng vurdu.  Gel çıx, qardaş  harda qalmısan, səbirsizliklə yolunu gözləyirəm – deyə məni tələsdirdi. Danışıb  hər ikimiz telefonu söndürdük.

Beş-on dəqiqədən sonra Quzanlıya çatdım. Kərim Xançoban gənc aktyor Camalla məni qarşıladı, görüşüb yaxındakı kafedə oturmağımızı təklif etdi. Təklifi qəbul edib, kafedə əyləşib söhbətimizə davam etdik. 

Xeyli söhbət etdikdən sonra bu nurlu insanın, işıqlı adamın könül qapısını açıb iç dünyasıyla tanış oldum. 35-ildir ki, Ağdam Dövlət Teatrında çalışır. Bu 35 ilin 17 ilini bu teatrda rejissor, qalan illəri isə aktyor kimi çalışıb. Bir ildən çoxdur ki, həmin teatrın baş rejissoru vəzifəsində çalışır. Rejissor kimi indiyədək 24 tamaşaya quruluş vermişdir. Bu illər ərzində müxtəlif tamaşalarda əksəriyyəti baş rol olmaqla 100-dən artıq  rol oynayıb. 8 dəfə teatr festivalında iştirak edibdir. Çalışdığı teatrda çox böyük hörmət qazanıb. 

2003-cü ildə Respublikada keçirilən  “Mono tamaşalar” festivalında 2-ci yerə layiq görülüb. 2021-ci ildə Mədəniyyət nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə keçirdiyi festivalda "Dəmir yumruq” tamaşası yüksək dəyərlə qarşılanıb, diploma layiq görülüb. Nizami Gəncəvi ilində İsgəndərnamə əsərində baş rolda İsgəndəri oynayıb. 

Birinci Qarabağ müharibəsindən indiyə kimi  Ağdam Dövlət Dram Teatrının əməkdaşlarıyla birlikdə  hərbi hissələrdə təmənnasız tamaşalar göstərir. Bu illər ərzində bir çox “Fəxri fərman”lara layiq görülüb. 1990-cı illərdə Ağdam teatrının Əməkdaşları başqa teatrlara keçsə də, Kərim Xançoban, Ağdam teatrını tərk etmir. Teatrda fəaliyyətini davam etdirir. Ağdam teatrını yaşadıb, göz bəbəyi kimi qoruyub. 

El arasında deyildiyi kimi, Kərim Xançobanın Ağdam Dövlət teatrının üstündə haqqı var. Bunu danmaq olmaz. Məhz elə ona görə  Mədəniyyət naziri, cənab Anar Kərimov, Mədəniyyət nazirliyində, Teatr sektorunun müdiri, Könül Əliyeva, Günay Hümbətova, AğdamTeatrının direktoru Məhəmməd Hüseynov istedadlı aktyor və rejissor Kərim Xançobana etimat göstərib, Ağdam Dövlət Teatrına baş rejissor təyin ediblər. Mən də öz növbəmdə adları çəkilən hər kəsə öz təşəkkürümü bildirirəm. 

Kərim Xançoban bir ildən çoxdur ki, Ağdam Dövlət teatrının baş rejissorudur. Prezident mükafatçısıdır, inanırıq ki, gələcəkdə daha yüksək fəxri adlara və Prezident təqaüdünə layiq görüləcəkdir. Hazırda onun rejissorluğu ilə teatrda Sahib İbrahimlinin Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı Zəfərə həsr olunmuş 44 dəqiqəlik tamaşanın məşqləri gedir. Ağdam Dövlət Teatrı Mövsümü hədəf Şuşadır adlı açılışla başlayacaqlar. 

Qısa tanışlıq: Həsənov Kərim Abbasoğlu (Kərim Xançoban) 19 noyabr 1967-ci ildə Bərdə şəhərində anadan olub. 1976-1986-cı illərdə Bərdə şəhər 4 nömrəli tam orta məktəbini bitirib. 1991-1996-cı illərdə Mədəniyyət və İncəsənət Universitetinin Dram  Teatrı və Kino aktyorluğu ixtisasını bitirib. 1989-cu ildən Ağdamda yaşayır. Ailəlidir. 3 övladı var. Böyük oğlu Texniki Universitetini, qızı isə Neft Akademiyasını bitirib. Kiçik oğlu Bakı Dövlət Universitetinin  birinci kurs tələbəsidir.

Tutduğu şərəfli və məsuliyyətli yolda Kərim Xançobana uzun ömür can sağlığı yaradıcılıq uğurları arzu edirəm.
Elnur Baxış,
folklorşunas, Azərbaycan Aşıqlar Birliyinin və 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Gəncə şəhəri.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan