Vətən müharibəsi şəhidlərinin anım günlərində xatirələri yad edildi
Sentybar ayının 28-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində şəhid baş leytenant Gözəlov Xalid Həsən oğlu və Təzəkənd kəndində şəhid kiçik çavuş İsmayılov Amid Eldar oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olunub. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdiyi xidmətlərindən və şücaətlərindən bəhs edərək valideyinlərinə baş sağlığı veriblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş leytenantı və hərbi pilotu olmuş şəhid Gözəlov Xalid Həsən oğlu 4 noyabr 1996-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 2012-2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil almışdır. Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlamışdır. 2019-cu ildə baş leytenant rütbəsi almışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərərək, Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 28 sentyabr 2020- ci ildə II Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Gözəlov Xalid Həsən oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ölümündən sonra adı əbədiləşdirilərək Aşağı Cürəli kəndində yaşadığı küçəyə verilmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olmuş şəhid İsmayılov Amid Eldar oğlu 11 fevral 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1995-2006-cı illərdə Təzəkənd kənd Ruslan Şirinov adına tam orta məktəbində təhsil almış və 2006-2008-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında xidmətini davam etdirmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərərək, Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 28 sentyabr 2020-ci il tarixində Təzəkənd kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid İsmayılov Amid Eldar oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Təzəkənd kəndində yaşadığı küçəyə verilmişdir.