
"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar rayonunun Mərkəzi Parkında torpaqlarımızın azadlığı uğrunda aparılan savaşda şəhid olmuş igid vətən oğullarının və qızlarının Anım Günü qeyd olundu.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edərək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi şəhidlərinin əziz xatirələrini yad etdilər.

Tədbirdə qeyd olundu ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əziz qalacaq və onların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnək olacaqdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir insanın vətəndaşlıq borcudur.Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin xatirəsi daim qəlblərdə yaşayacaqdır.
Tədbirdə şəhidlərimizə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.






