Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin aparat rəhbəri Azad Cəfərli martın 28-də Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Biləsuvar, Cəlilabad rayonları və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
"BİLESUVARİNFO" xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, sığorta ödənişləri və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Daha sonra Azad Cəfərli rayonun Xırmandalı kəndində fermer Qalib Bağırovun taxıl sahəsinə baş çəkib, sahədə görülən aqrotexniki qulluq tədbirləri ilə tanış olub. Aparat rəhbəri həmçinin kənddə pambıq əkininə hazırlıq işləri ilə maraqlanıb, fermer Gülhəsən Teymurovun arata qoyulmuş sahəsinə gedib. Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.