» » Güləşçilərimizin idman uğurları ölkəmizin nüfuzunu artırır


Güləşçilərimizin idman uğurları ölkəmizin nüfuzunu artırır

Gənclərimizə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi bütün sahələrdə öz iştirakı, fəallığı ilə seçilir və ictimai proseslərdə yaxından iştirak edir.

Gənc nəsil mütləq vətənpərvərlik və milli dəyərlər ruhunda tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Artıq Azərbaycanda mükəmməl vətənpərvər gənc nəsil yetişib.

Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi - hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır. Bütün uğurlu sahələrdə olduğu kimi gənclərimiz idman sahəsində də bir daha öz sözünü deyir, bir-birinin ardınca uğurlara imza atırlar.

Bu gün Azərbaycan idmanının inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman sahəsində uğurlarımız günü-gündən artmaqdadır. Ölkəmizin idman şöhrətini yüksəldən güləşçilərimiz Budapeştdə keçirilmiş Avropa çempionatında bir daha xalqımızı sevindirmiş və böyük qələbə ilə vətənə qayıtmışlar. İdmançılar 16 medal qazanmaqla bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.

Avropada istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilir. Keçirilmiş Avropa çempionatında komandalarımızdan medalların birini qadın idmançımız, digərlərini isə sərbəst güləş və Yunan-Roma güləşi üzrə idmançılarımız qazanmaqla sərbəst güləş və Yunan-Roma güləşi üzrə Avropa birincisi oldular.   

Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən bəyan edib ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir: “İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”. 

Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu müharibədə xalqımızın həmrəyliyi, xüsusilə gənclərimizin göstərdiyi şücaət gələcək nəsillərə hərbi vətənpərvərlik məktəbinin bariz nümunəsi oldu.

Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir. Artıq iki ildən sonra Fransanın paytaxtı Paris şəhərində növbəti Yay Olimpiya Oyunları keçiriləcəkdir. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaqdır.

İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Macarıstanda keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq qələbə bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və idmançılarımız bu ənənələri uğurla davam etdirir. 
Son olaraq Cənab Prezidentin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir.

Məhz vətənpərvər, qəhərman, güclü gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır.

Samir Ağayev, 
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR