Xalq kommunizmə qarşı getməklə vaxtilə cümhuriyyətimizin onlara bəxş etdiyi azadlığı, müstəqilliyi yenidən bərpa etməyə cəhd göstərirdi. Gəncədə, Qarabağda vüsət alan milli dirəniş ölkəmizdə çox qısa müddətdə yeni rejimə qarşı inamsızlıq formalaşdırdı. Bu proses hər sahədə özünü büruzə verməkdə idi. Bundan qorxuya düşən totalitar rejim milli təsisatların birdən-birə məhv edilməsində maraqlı deyildi. Müxtəlif vaxtlarda istər bayrağımızla, istər dilimizlə, istərsə də himnimizlə bağlı qəbul edilmiş qərarlar xalqımızın milli hissləri ilə oyuncaq kimi davranmaq niyyəti daşıyırdı.
Ardından xalqımızın tarixində özünəməxsus xidmətləri olmuş bəy, xan institutlarının ləğv edilməsi və ziyalı nəslinin məhv edilməsi siyasəti müxtəlif pərdəarxası məqamlarla həyata keçirilməyə başlandı. Həmişə görkəmli ziyalıları ilə Qafqazda şöhrət qazanmış, erməni millətçi ekstremistlərinə Zəngəzurda, Vedibasarda, Qarabağda, İrəvanda sarsıdıcı zərbələr vurmuş Azərbaycanın tanınmış simaları qolçomaq, "xalq düşməni" adı ilə məhv edilirdi. Bu siyasət 20-30-cu illərdə özünün ən şiddətli dövrünü yaşamaqda idi. Əsas məqsədi xalqın gücünün zəiflədilməsi, ziyalı nəslinin Mərkəzi Asiyanın, Sibirin ucqarlarına sürgün edilməsi ilə bağlı idi.II Dünya müharibəsindən sonra xeyli dərəcədə zəifləmiş SSRİ əsas diqqəti imperiyanın dayaqlarının möhkəmləndirilməsinə yönəltdi. Əsas diqqət isə yenə də ucqarlarda ruslaşdırma siyasətinə yönəldilmişdi. Müharibə dövründə ərlərini itirmiş rus qadınları ucqarlara kütləvi surətdə göndərilir və onların qarşısında bir sıra tələblər qoyulurdu: Məqsəd yerli əhalidə rus mədəniyyətini təbliğ etmək, onlarla ailə qurmaq, xalqda ana dilinə qarşı bir silah kimi rus dilindən istifadəni daha da artırmaq və xalqın genefondunu dəyişdirmək. Keçən əsrin 60-cı illərində ruslaşdırma siyasəti daha geniş vüsət almaqda idi. Bakıya oxumağa, ali təhsil almağa gələn tələbələr arasında yavaş-yavaş mərkəzin bu iyrənc siyasətinə qarşı müqavimət hərəkatının cücərtiləri formalaşmaqda idi. Nəzərə alsaq ki, Ermənistan və Gürcüstan SSR-də milli dillə bağlı siyasət yumşaq formada aparıldığı halda,
[spoiler][/spoiler]Azərbaycan SSR-də bu, daha radikal və kəskin şəkildə həyata keçirilirdi. Burada türk və müsəlman faktorunu nəzərə alan hökumət DTK vasitəsilə öz iyrənc və həddindən artıq qorxulu qərarlarını qəbul etməkdə idi. Bakıya oxumaq dalınca gələn yüzlərlə, hətta minlərlə tələbə rejimin bu qorxulu siyasətindən hiddətlənirdi. Əvvəlcə yataqxanalarda bir araya gələn tələbələr öz qarşılarına bir sıra vəzifələr qoydular. Qısa müddət ərzində təşkilatlanma, ana dilinin müdafiəsi ilə bağlı bir qurum yaratmaq və onun üzvlərinin sayını artırmaq. Şübhəsiz, bu iş gizli formada həyata keçirilirdi. Qısa müddət ərzində tələbələrin gizli şəraitdə apardığı təbliğat öz nəticəsini verməyə başladı. Ölkənin ayrı-ayrı rayonlarından, dağ kəndlərindən gəlmiş bu tələbələr rus dilini bilmədiklərindən onlarda milli dilə olan sevgi yüksək idi. Çünki, paytaxt Bakıda yaşayan əhalinin əksəriyyəti rus dilini bildiyindən onlar üçün bunun elə bir ciddi əhəmiyyəti yox idi. Ona görə demək olar ki, bu tələbələrin əksəriyyəti rayon və kəndlərdən gəlmiş gənclərdən ibarət idi. Durmadan sayları artmağa başlayan gənclər artıq komitənin yaradılması məsələsində israrlı idilər. Beləliklə, 1965-ci il may ayının 16-da Azərbaycan Milli Dilini Müdafiə Komitəsi yaradıldı. Komitənin sədri Allahverdi Qurbanov, müavinləri Paşa Əbdürrrəhimov və Şamil Quliyev seçildilər.
Haşiyə: Allahverdi Hüseynəli oğlu Qurbanov 1940-cı ildə Puşkin rayonunun (indiki Biləsuvar) Qriboyedovka kəndində kolxozçu ailəsində anadan olub. İlk təhsilini rayonun Nizami adına orta məktəbində alıb. 1959-1962-ci illərdə Leninqradın Vıborq vilayətində hərbi xidmət keçib.
A.Qurbanov Sov.İKP-nin üzvüydü. Şmidt adına maşınqayırma zavodunda tornaçı işləyir, eyni zamanda Bakı Neft Texnikumunun axşam şöbəsində oxuyurdu. Qüsursuz xidmətlərinə görə respublika rəhbərliyi tərəfindən "Əmək veteranı" medalı ilə təltif edilmişdir. Hazırda yaşa görə təqaüdçüdür.
Paşa Əbdürrəhimov komsomolçu idi. Bakı limanında sürücü işləyir, Teatr İnstitutunun II kursunda oxuyurdu. Şamil Quliyev isə Şmidt adına zavodda texnoloq idi. Hər üçü fəhlə yataqxanasında qalırdı. Ümumiyyətlə, bu yataqxanalarda yaşayanların 90 faizi respublikanın kənd rayonlarından gələnlər idi. Yuxarıda qeyd etdiyimiz kimi, rus dilini pis bilirdilər, ya da heç bilmirdilər. Halbuki, hətta yataqxanalarda belə bütün sənədlər, elanlar rus dilində yazılırdı. Bütün iclaslar da rus dilində aparılırdı. Qeyd edək ki, komitə öz iclaslarını gizli şəkildə aparırdı. Daha çox paytaxtın Çənbərəkənd adlanan ərazisində toplaşan gənclərin sayı xeyli dərəcədə artmağa başladı...
...Tanınmış Azərbaycan yazıçısı, publisist, ictimai xadim Elmira Axundova "Heydər Əliyev: Şəxsiyyət və Zaman" əsərində bu barədə yazır: "Bir sözlə, özləri kimi düşünən həmfikirlərini başlarına yığan Paşa və Allahverdi Bakının müxtəlif yerlərində gizli məclislər, dəqiq desək, ittihamnamədə göstərildiyi kimi, "qeyri-leqal yığıncaqlar" keçirməyə başlayırlar. Mayın 16-dan avqustun 1-dək onlar cəmi 12 "yığıncaq" keçirməyə və geniş cəlbetmə və təbliğat fəaliyyəti göstərməyə müvəffəq olurlar".
Çox keçmədi ki, komitənin üzvləri söhbətlərlə kifayətlənməyib aktiv fəaliyyətə keçməyi qərarlaşdırdılar. Tezliklə DTK bir sıra məsələlərin həllinə müvəffəq olmağa çalışan bu aktiv gənclərin izinə düşdü. Artıq respublikada gəncləri bir araya toplayan komitənin fəaliyyəti haqqında mərkəzə xəbər sızır. Tez bir zamanda komitənin fəal üzvlərinin həbsinə başlanılır. Elmira Axundova yazır: "1965-ci ildə Allahverdi Qurbanov və Paşa Əbdürrəhimov barəsində Azərbaycan SSR CM-in 67-ci maddəsi ilə cinayət işi açılır. Prezidentin şəxsi arxivinə istinadən, ittihamnamə ilə yaxından tanış olan Elmira xanım "ittihamnamədən çıxarış"dan iqtibas gətirir: "İclaslarda deyilirdi ki, ruslar və ermənilər guya respublikada azərbaycanlılardan daha çox imtiyazlara malikdir, sonuncular isə məhdudiyyət və sıxışdırmalara məruz qalırlar. Ruslar azərbaycanlılar üzərində hökmranlıq edir, Azərbaycan məktəbləri rus məktəbləri ilə əvəz olunur. Bundan əlavə çıxışlarında və oxuduğu Neft Texnikumunun tələbələri ilə söhbətlərində Allahverdi Qurbanov guya Azərbaycan xalqının ruslar tərəfindən istismar edildiyini, onun dilinin, mədəniyyətinin, adətlərinin sıxışdırıldığını, var-dövlətlərinin respublikadan daşındığını, Sov.İKP-nin guya Azərbaycan xalqının ruslaşdırılması siyasəti apardığını və bu məqsədlə azərbaycanlılara ərə gedib milli dili sıxışdırmağa imkan yaratmaq üçün Bakı, Sumqayıt, Mingəçevir və digər şəhərlərə çoxlu sayda rus qızları göndərildiyi barədə böhtanlar söyləmişdir. 1965-ci ildə daha çevik hərəkət edərək, bir sıra planlar cızırlar. Onlar iclaslarını daha çox yataqxana otaqlarında çağırırdılar. Müzakirələrdən birində Allahverdi Qurbanov zəhmətkeşlərin 7 noyabr nümayişindən istifadə etmək və radiostansiyanı zəbt etmək fikrini irəli sürür. Həmçinin Qurbanov Əbdürrəhimovla birlikdə Azərbaycanın Sovet İttifaqının tərkibindən çıxması tələbi ilə çıxış etmişlər..."
Elmira Axundova yazır: "Gördüyümüz kimi, cavan oğlanların iclaslarda irəli sürdüyü, o vaxt üçün olduqca təhlükəli sayılan ideyalar respublikada yaranmış real vəziyyətə söykənirdi. 60-cı illərdə Bakı kosmopolit və beynəlmiləl şəhəri idi. Azərbaycanlılar rus dilində təhsil almağa üstünlük verirdilər. Sovet İttifaqının "titul milləti"nin dilini bilməyənlərə isə az qala nifrətlə baxırdılar. Respublikada bütün kargüzarlıq işləri rus dilində aparılırdı.
Konstitusiyada Azərbaycan dilinin dövlət dili olmasını təsbit edən maddəni isə yada salmamağa çalışırdılar. Yeri gəlmişkən, məhkəmə iclasının gedişində Allahverdi Qurbanov əqidə yoldaşları ilə birlikdə Azərbaycan dilinə dövlət statusunun qaytarılması və onun dövlət idarələrində işləməsi tələbi ilə ölkə və respublika rəhbərliyinə müraciət etmək istədikləri haqqında danışmışdır. Qeyd olunduğu kimi, ana dilimizə olan bu cür biganə münasibəti həzm edə bilməyən bu vətənpərvər gənclərin məqsədi SSRİ-nin qılıncının kəsdiyi o illərdə cəsarətli ideyalar irəli sürməklə xalqımızın öz dilinə, adət-ənənələrinə bağlı bir millət olduğunu bütün ölkələrə nümayiş etdirmək idi. Bu gənclər ölümü gözləri önünə alaraq, öz haqq səslərinin bir gün eşidiləcəyini gözləyirdilər".
İstintaqı aparan müstəntiq Əkrəm Səlimzadə bir sıra maraqlı məqamlara aydınlıq gətirir. O, baş vermiş hadisə ilə bağlı Heydər Əliyevə müraciət edir. Ondan 7-8 nəfər müstəntiq istəyir. Heydər Əliyev cavabında - "Bu qədər müstəntiqi haradan tapacağıq? - deyir. Müstəntiq: "Çox böyük qrupdur. Bu qədər adamı təkcə dindirmək yox, onlarla profilaktik söhbətlər aparmaq da lazımdır. Xəbərdarlıq etmək lazımdır ki, fəaliyyətlərinə davam etsələr, həbs oluna bilərlər", - deyir.
Beləliklə, işin araşdırılması üçün rayon orqanlarından əməkdaşlar cəlb olunur, 8 nəfərdən ibarət qrup yaradılır. İşi icraata Əkrəm Səlimzadə götürür və istintaqa rəhbərlik edir. İttihamnaməni Ə.Səlimzadə ilə birlikdə şöbə müdiri Bileçenko və DTK sədrinin müavini Heydər Əliyev imzalayırlar.
Qeyd edək ki, 100-dən artıq adam dindirilir və ifadələri alınır. Onların əksəriyyəti, qeyd etdiyimiz kimi, tələbələrdən ibarət idi. İstintaqın gedişi nəticəsində 4 nəfər həbs olundu. O zaman Azərbaycan SSR DTK-nın sədri S.K.Sviqun vaxtı ilə Moldova və Ukraynada işlədiyi zaman orada da bu tipli millətçi çıxışlarla qarşılaşmışdı. Ona görə də bu hadisə ilə bağlı cəmi 4 nəfərin həbs edilməsini həzm edə bilmirdi. Lakin DTK orqanlarında yetişmiş, təcrübəli Heydər Əliyev onu inandırmağa çalışırdı ki, bu gənclər düşmən deyil, ekstremist deyil, sadəcə olaraq başlarında millətçi havası olan cavan uşaqlardı. Və quruluş üçün onlar heç bir təhlükə yaratmırlar. Ancaq S.K.Sviqunu fikrindən döndərmək asan məsələ deyildi. O, tələb edirdi ki, daha çox adam həbs olunmalıdır. Məqsəd mərkəzə öz xidmətləri və işinin miqyasını nümayiş etdirmək idi. Bu yerdə Heydər Əliyevin güclü məntiqi, inandırma məharəti kara gəldi. Elmira Axundova yazır: "Beləliklə, Moskvanın təzyiqinə və DTK sədrinin mərkəz qarşısında özünü göstərmək yanğısına baxmayaraq, başda Heydər Əliyev olmaqla Azərbaycan çekistləri kütləvi həbslərə qarşı çıxdılar. 100 nəfərə yaxın adamla profilaktika aparıldı, onlar məhkəməyə yalnız şahid qismində cəlb olunurdular. Ancaq iki nəfərə - Allahverdi Qurbanov və Paşa Əbdürrəhimova iş kəsildi. Onlar da qısa müddətə, hər ikisi cəzanı ümumi rejimli 12 saylı islah əmək düşərgəsində çəkməklə 1 il azadlıqdan məhrum edildilər.
Qeyd edək ki, Allahverdi Qurbanovla apardığım söhbətdə o, bir sıra gizli məqamlara aydınlıq gətirdi. Bildirdi ki, o zaman əgər Heydər Əliyev Semyon Kuzmiç Sviqunu yola gətirə bilməsəydi, bizim hamımızı bir nəfər kimi güllələyəcəkdilər. Heydər Əliyevin bu işlə şəxsən məşğul olduğunu vurğulayan A.Qurbanov bildirdi ki, ümummilli lider o vaxt Moskvanı yumşaltmaq üçün yalnız bizim ikimizə (Allahverdi və Paşaya) cəmi bir il iş kəsilməsinə nail oldu.
Elmira Axundova qeyd edir ki, "yeri gəlmişkən cavanların əziyyəti hədər getmədi. Bu məsələ respublikada geniş rezonansa səbəb oldu. İstintaq başa çatdıqdan sonra DTK Azərbaycan KP MK-ya və Moskvaya geniş arayışlar göndərdi. Və bunlara əsaslanaraq partiya rəhbərliyi bəzi nəticələr çıxardı: Milli dəyərlərə diqqət artırıldı. 1966-cı ildə İranda yaşayan böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın "Heydər babaya salam" poeması Bakıda nəşr olundu. Proqressiv düşüncəli gənclər üçün 1967-ci ildə "Ulduz" jurnalı nəşr olunmağa başladı. Novruz bayramı rəsmi şəkildə bahar bayramı kimi qeyd olundu. Ədəbiyyatda milli motivlər gücləndi, tənqidi ruhda yazılmış əsərlər meydana gəldi.
Gördüyümüz kimi, çox böyük çətinliklərə, işgəncələrə sinə gərən bu vətənpərvər gənclərin əməyinin nəticəsi özünü çox gecikdirmədi. Mərkəzin milli dilimizə qarşı olan iyrənc siyasəti nisbətən yumşaldıldı. Ana dilimizdə yeni-yeni əsərlər, poemalar işıq üzü gördü. Ana dilimiz daha da zənginləşdi. Bax, bu məsələlərə görə xalqımız, bu cür qorxmaz, cəsur gənclərə daim minnətdar olmalı, onların əməyini yüksək qiymətləndirməlidir.
Taleh CƏFƏRBƏYLi,
ADPU-nun Türk və Şərqi Avropa ölkələri tarixi və tarixin metodikası kafedrasının baş müəllimi, "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyi İdarə Heyətinin üzvü
"Xalq qəzeti", 31.08.2012-ci il