» Zərgər dəqiqliyi sevən, əmanətə sadiq anbardar


Zərgər dəqiqliyi sevən, əmanətə sadiq anbardar

Biləsuvar rayonunda illərdir suvarma sahəsində çalışanlar arasında elə bir insan var ki, onun haqqında danışan hər kəs öncə dürüstlüyünü, sonra isə məsuliyyətini vurğulayır. Həmin şəxs Biləsuvar Suvarma Sistemləri İdarəsinin uzunillik əməkdaşı, anbardar vəzifəsində 36 illik peşə təcrübəsinə sahib olan Vaqif Çapar oğlu Qaraşovdur.

O, yaşı kamillik dövründə olsa da, fasiləsiz çalışdığı işində eyni vəzifəni bu gün də böyük sədaqətlə davam etdirir. Vaqif Qaraşovun fəaliyyəti, ona yalnız maddi deyil, həm də mənəvi etibar yükləyib. Dövlət idarəsində mal-materiallar onun adına rəsmiləşdirilib və o da hər gün kollektivə anbardan təhvil verdiyi məhsulların hesab-kitabını zərgər dəqiqliyi ilə aparmağın vacibliyini dərindən anlayaraq işləyib. Heç vaxt tamahına uymayıb, dünya malına aldanmayıb və əmanətə xəyanət etməyib.

Bu dürüst və məsuliyyətli münasibət ona qarşı böyük inam yaradıb. Belə ki, o, çalışdığı idarədə altı rəhbər dəyişikliyi görsə də, heç biri onun etibarlılığına kölgə salmayıb. Əksinə, hamısı onu nümunəvi işçi kimi qiymətləndirib.

Əmək fəaliyyətinə 1985-ci ildə Biləsuvar Suvarma Sistemləri İdarəsində sıravi fəhlə kimi başlayan Vaqif Qaraşov həmin vaxt Maliyyə-Kredit Texnikumunun “Mühasibat uçotu” ixtisası üzrə təhsilini yenicə başa vurmuşdu. İki il sonra – 1987-ci ildən etibarən anbar müdiri vəzifəsinə təyin olunub və o gündən bu günə qədər eyni vəzifəni ləyaqətlə icra edir.
“Vaxtilə bu idarədə min nəfərdən çox əməkdaş çalışırdı. Böyük kollektivlə işləmək böyük məsuliyyət tələb edir. Anbarda isə hər bir mal-məhsulun məsuliyyəti birbaşa sənin üzərindədir. Bəzən xoşagəlməz hallar da olurdu, hansısa materialda qüsur çıxır, bəzən səni haqsız yerə ittiham edənlər tapılırdı. Amma bu illər ərzində heç vaxt haqq yolundan dönmədim. 36 ildə bir dəfə də olsun işimdə nöqsan aşkarlanmayıb. Həmişə üzüm ağ, başım dik olub,” – deyə Vaqif müəllim ötən illəri xatırlayır.
Üç övlad atası olan Vaqif Qaraşov üçün ailəsinə halal çörək qazandırmaq ən böyük dəyərdir:
“Əgər övladlarımı halal çörəklə böyüdə bilmişəmsə, bu mənim üçün ən böyük var-dövlətdir.”

Uzun illər eyni kollektivdə, fasiləsiz və nöqsansız çalışmaq böyük inamın nəticəsidir. Çünki bu gün bir çox zəhmət adamı bəzən haqsız yerə ittihamlarla üz-üzə qalır, məsul şəxslər çaşqın vəziyyətə düşür. Lakin belə bir sahədə dürüstlük, təmkin və səbir tələb olunur. Vaqif Qaraşov isə bu çətinliyin öhdəsindən illərdir ki, ləyaqətlə gəlir.

Melioratorların peşə bayramı ərəfəsində Biləsuvar Suvarma Sistemləri İdarəsinin kollektivi ilə görüş zamanı bir daha şahidi olduq ki, Vaqif Qaraşov həm rəhbərlik, həm də əməkdaşlar arasında dərin hörmətə layiq görülüb. İstər usta, istər fəhlə, istərsə də rəhbərlər onun haqqında eyni fikirdədirlər:
Zərgər dəqiqliyi sevən, əmanətə sadiq anbardar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR