» » Behişt ünvanlı ağa... - FOTO


Behişt ünvanlı ağa... - FOTO

Dördüncü İmam Zeynalabidin Əleyhissəlamın nəslindən olan görkəmli din xadimi, xatirəsini həmişə əziz tutduğumuz, heç zaman unutmadığımız Hacı Seyid Mir Taha aga düz 4 ildir ki, aramızda, sıramızda yoxdur. Amma qəlbimizdə, könlümüzdə,unudulmaz xatirələrimizdə o, işıqlı, nurlu siması, hamımıza məlhəm olan Tanrı duaları, qulağımızdan getməyən sirli-sehirli səsi, avazıyla qalır.

Adı hər bir kəsə nümunə olan, islami elmləri incəliklərinə qədər dərindən bilən, onu saflığı, paklığıyla bizlərə yadigar qoyan Mir Taha ağa gördüyüm, tanıdığım nadir din xadimlərindən biri idi. Nəslindən-nəcabətindən, övliya şəcərəsindən gələn paklıq, halallıq, nur, şüa kimi ağanın üz-gözündən, əllərindən çağlayır, olduğu məclisləri işığa, nura, arılığa, duruluğa qərq edirdi.

Mir Taha ağa fenomen yaddaşı, bal kimi şirin avazı, qısa, lakonik, dərin, mənalı, məzmunlu söhbətləri, dini-mənəvi dəyərlərimizi təbliğ edən şirin mükalimələri, böyük nəsihətləri, xeyir-duaları, ən başlıcası, yüksək mədəniyyəti ilə hamını heyran qoyurdu.

Aydın, rəvan nitq gözəlliyindən, sadəliyindən, dosta etibarından, əliaçıqlığından, gözü-könlü toxluğundan, vətənə, dininə böyük sevgisindən bu gün də hamı hörmətlə, ehtiramla danışır, xatirəsini yad edirlər.

Şair Seyidağa Seyid Sadıq danışır ki, təkcə islam dünyası üçün yox, bütün bəşər övladı üçün Haci Mir Taha ağa insanlıq xəzinəsi,insanlıq nümunəsi, səxavət meyarı, alicənablıq zirvəsiydi. Onunla həmsöhbət olan adam təpədən-dırnağacan işığa, nura qərq olur, dünyaya bağlanırdı.

Hacı Seyid Mİr Taha ağa yaxşılıq, xeyirxahlıq körpüsüydü.Çətinliyə, dara düşən neçə-neçə insanlar bu körpüdən keçib qüruba yox, dan üzünə, aydınlığa yol almışdılar.

Ağanın böyüklüyü həm də sadəliyində, saflığında, evinin, ocağının el üzünə açıq olmasında idi.
Hacı Mir Məzahim Mir Məcid oğlu ağanı uzun illərdən bəri el ağsaqqalı kimi tanıdığını hörmət və ehtiramla xatırlayır:

- Perimbeldə bəlkə də yüzlərlə mollamız, din xadimlərimiz olub. Ərəb əlifbasını bilən mollalar, din xadimləri ... Amma Mir Taha ağa fitrətən alim, görkəmli din xadimi idi. Bizim bölgədə elə bir insan tapılmazdı ki, çətinliyə düşəndə ağaya müraciət etməsin. Hamısına kömək edib, doğru yol göstərib.

Perimbel seyidlər ocağıdır. Allahın nəzəri həmişə üstümüzdə olub. Vaxt, zaman dəniz kimidir, çirkabı götürməz, çör-çöpü sahilə tullayar, dənizin dibində gövhər qalar. Mir Taha ağa o gövhər misalıdır. Həmişə qiymətli, dəyərli, unudulmazdır. Şərqşünas Furqan Babayev babası haqqında ürək sözlərini danışır:

- Səfərə çıxanlar, orduya gedənlər, xeyir iş edənlər babamın xeyir-duasını alar, Quranın altından keçərdilər. Övladı olmayanlar, çətinliyə, dara düşənlər ağadan nicat umardılar. Mən bu etiqadı, bu təqvanı, insanların ağaya olan böyük ehtiramını gördükcə fəxarət hissi keçirmişəm.

Babamın necə ibadət etdiyini, necə xuduynan-xuşuynan namaz qıldığını seyr edirdim. Bu bir məktəb, əyani dərs idi. Rükuya gedəndə, səcdəyə gedəndə, “Allahu Əkbər” deyəndə adam sanki sehrlənirdi.

Son zamanlar o xəstə olduğundan biz yalvara-yalvara onu dilə tuturduq ki, zəifsən, oruc tuta bilməzsən. Ancaq ağa inad eləyirdi, orucunu buraxmırdı. Onun necə insan, Allah adamı, peyğəmbər, övliya övladı olduğunu Cənub bölgəsində yaşayan bütün insanlar bilir.
Mir Taha ağa insanların urəyində Tanrı işığı kimi, yaxşılıq heykəli kimi qaldı.
 
“Səadətdən,səxavətdən ucadır,
Yer üzündə bəşər kimi qocadır,
Dünya boyda, ancaq üçcə hecadır,
İnsan gedər, adı qalar yaxşılıq,
Gedənləri yada salar yaxşılıq”.

Hacı Seyid Mir Taha ağa İslam dininin ən böyük təbliğatçılarından biri olmaqla yanaşı böyük yurdsevər idi. O hər bir vətən övladını, xüsusilə də gəncləri, Azərbaycanın suyuna, çörəyinə layiq olmağa, çox sevdiyi eloğlusu Mübariz İbrahimov kimi cəsur olmağa çağırırdı.

El-obasıyla ağır repressiyalara, sürgünlərə, köçürülmələrə məruz qalmış bu mətin insan heç zaman sarsılmamış, mənliyini, şəxsiyyətini qorumuş, Azərbaycanın azadlığına, müstəqilliyinə ən çox sevinənlərdən biri olmuşdu.

Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov Hacı Seyid Mir Taha ağa ilə görüşünü  heç zaman unutmadığını deyir, Allahdan ona rəhmət diləyir:

- Hacı Seyid Mir Taha ağa ilə həmsöhbət olmağın, onun nəsihətamiz kəlamlarına qulaq asmağın və onu dinləməyin xüsusi bir ləzzəti vardı.İnsan onu dinlədikcə ruhu paklaşır, qəlbi aram tapır, daxilində bir rahatlıq yaranırdı. Ağanın çöhrəsindəki ilahi nur, onun Əhli-Beyt  davamçılarından olduğunu göstərən əlamət kimi insanı cəlb edirdi. Hacı Mİr Taha ağanı cəmi bircə dəfə ziyarət etsəm də, onun gözəl və nurlu siması hər zaman gözümün qarşısında canlanır və Peyğəmbərimizin(S)  pak Əhli-Beytinin suyunun qiyamətə qədər davam edəcəyini vəd etmiş Uca Yaradana şükürlər edirəm.
Hacı Seyid Mir Taha ağa onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Zülfüqar ŞAHSEVƏNLİ

  • Facebook





Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan