
Vətən müharibəsinin hər günü Azərbaycan ordusu uğur qazanır və tarixi torpaqlarımız qarış-qarış işğaldan azad olunurdu. Bu gün 30 ilə yaxın müddətdə yağı tapdağında olan Qarabağda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Təcavüzkar Ermənistanın işğalda saxladığı rayonlarımızdan biri də Cəbrayıl rayonu olmuşdur.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Müharibənin ilk günündən etibarən cəbhədən daim xoş xəbərlər eşidir, Ordumuzun addım-addım irəlilədiyinin şahidi olurduq. Cəbhədən gələn ilk böyük qələbə xəbəri isə 4 oktyabr 2020-ci il tarixinə təsadüf etdi. Prezident İlham Əliyev həmin gün Azərbaycan xalqına müraciət edərək Cəbrayıl şəhərinin və Cəbrayılın bir neçə kəndinin işğaldan azad olunduğu xəbərini verdi. Bu gün azadlığına qovuşan bölgələrimizə doğru uzanan yollar, infrastruktur yenidən qurulur, illərdir əsl sahibinə həsrət qalan torpaqlartımızda şəhər, kənd və qəsəbələrimizdə həyat yenidən canlanır. Hazırda iki il öncə azadlığına qovuşan Cəbrayıl sürətlə bərpa edilir. Dövlət başçımız ötən iki il ərzində Cəbrayıla bir neçə dəfə səfər edib. 16 noyabr 2020-ci il tarixində səfər çərçivəsində Ali Baş Komandan İlham Əliyevin bayrağımızı tarixi Xudafərin körpüsündə ucaltması Azərbaycan xalqı üçün qürurverici idi. Bir il öncə, 4 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev Cəbrayıla növbəti dəfə səfər etdi. Səfər çərçivəsində “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində, “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi göstərir ki, 44 günlük şanlı Vətən müharibəsindəki parlaq zəfərdən sonra yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycanın əsas prioriteti işğaldan azad olunmuş ərazilərin bərpasıdır. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Cəbrayıl rayonunda da bərpa-quruculuq işləri sürətlə həyata keçirilir, insanların öz doğma yurd-yuvalarına qayıdaraq yaşaması və işləməsi üçün lazımi infrastrukturun yaradılması istiqamətində ciddi tədbirlər görülür.

YAP Biləsuvar rayon təşkilatının əməkdaşı