

Biləsuvar şəhər sakini Abdulla Hüseynovun sözlərinə görə bu bazar “doğulandan” xəstədir, bir bazarda heç görün, dörd nəfər “bazarkom” olar?. Bölünən bazarda “bura mənim ərazim deyil” deyən bazarkomlar məhsuliyyəti boynundan atır, nəticədə Biləsuvar bazarında yaranmış acınacaqlı vəziyyət yəqin ki, bura yolu düşən hər bir sakininə yaxından tanışdır. Bir dəfə belə olsa yolu bazardan düşən şəxs burada tullantıların vaxtında daşınmamasına şahid olur.
Qeyd edək ki, 2009 – cu ilin 15 avqustunda Biləsuvarın mərkəzi bazarında güclü yanğın da baş verib. Axşam 22 : 50 saat radələrində başlayan yanğını söndürmək mümkün olmayıb.
Belə ki, qaydalara zidd olaraq, bazar ətrafındakı tikillərin yanğınsöndürənlərin bazara yaxınlaşmasını xeyli çətinləşdirib. Digər tərəfdən, güclü külək alovun ətrafa sürətlə yayılmasına gətirib.
Yanğının baş verdiyi ərazinin yaxınlığında yerləşən bir neçə tikili üçün təhlükə yarandığından, yanğınsöndürənlər ilk növbədə alovun yayılmasının qarşısını alıblar. Bazarda fəaliyyət göstərən sahibkarlara külli miqdarda ziyan dəyib.
* * * * * *
Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilmişdir ki, Biləsuvar rayonundakı bazar özəl sahibkarlıq müəssisəsi olmaqla uzun illərdir fəaliyyət göstərir. Bazarın bir hissəsində yaranmış antisanitariya vəziyyətini və yanğın təhlükəsizliyini aradan qaldırmaq üçün müxtəlif vaxtlarda aidiyyatı təşkilatlarla birlikdə reydlər keçirilmişdir. Reydlər zamanı həm bazar rəhbərliyi, həm də ticarətçilərlə maarifləndirici söhbətlər aparılıb, kənd təsərrüfatı məhsullarının uyğun olmayan şəraitdə ticarətinin aparılmasının düzgün olmadığı onlara izah edilərək qısa müddət qeyd olunan nöqsanların aradan qaldırılması tövsiyyə olunub.
Bundan əlavə bazarda yanğın təhlükəsizliyinə əməl olunması üçün işlərin təcili görülməsi və avtomobillərin parklaması üçün yerlərin müəyyənləşdirilməsi bazar rəhbərliyinin diqqətinə çatdırılmışdır.



