Radikal müxalifət tərəfindən tirajlanan qərəz düşmən dəyirmanına su tökməkdir » Yerli İnformasiya Agentliyi
» » Radikal müxalifət tərəfindən tirajlanan qərəz düşmən dəyirmanına su tökməkdir

Radikal müxalifət tərəfindən tirajlanan qərəz düşmən dəyirmanına su tökməkdir

Azərbaycan Vətən müharibəsindəki haqq savaşında, bütün dünyanı həm də ordusunun gücünə görə özünə cəlb etmişdi. Bu, qətiyyən mübaliğə deyil. Müharibənin gedişində dünyanın bir sıra ölkələrinin xəbər portallarında hərbi uğurumuzdan bəhs olunub. Xarici jurnalistlər dövlət başçısı ilə müsahibələrində bu hərbi uğurların sirrini öyrənməyə çalışırdı. Bəli, düşmən qüvvələrinin son vaxtlar cəbhədə törətdiyi təxribatlar bir daha göstərir ki, dəmir yumruq hər an onların başının üstündə olmalıdır.
 
Məsələ bundadır ki, 13 sentyabr insidenti, Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində düşmənin törətdiyi genişmiqyaslı təxribatlar rəsmi İrəvanın hələ də ölkəmizə qarşı revanşist və işğalçı planlarından əl çəkmədiyini göstərir. Açıq-aşkar görünür ki, Ermənistan regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin formalaşmasını hər vəchlə ləngitməyə çalışır. Bu kimi hadisələrin açıq aşkar cərəyan etdiyi bir məqamda  radikal müxalifət tərəfindən tirajlanan qərəzli ritorika düşmən dəyirmanına su tökməkdir.

Ermənistanın revanşist siyasəti bütün region üçün ciddi təhdiddir. Bundan bəhrələnməyə çalışan, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması isə destruktiv qüvvələrin marağında deyildir. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz məqsədli olaraq regionda gərginliyin yaradılması üçün istifadə olunub.

“Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Çünki Ermənistanın məkrli siyasəti təkcə region üçün deyil eləcədə beynəlxalq aləm üçün də real təhlükə mənbəyidir. 
Regionda dövlətlər arasında münasibətlərə yanaşmaların fərqliliyi bir daha Azərbaycanın üstünlüyünü, habelə ölkəmizin beynəlxalq hüquq və normalarına sadiqliyini təsbit edir. Ölkə Prezidenti cənab İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməklə regionda və beynəlxalq aləmdə dayanıqlı inkişafa, sülhə və əmin-amanlığa tutarlı tövhə vermiş olar.

Bütün bunlarla yanaşı, məkirli düşmənin törədə biləcəyi təxribata hər an hazır olmalıyıq. Prezident İlham Əliyevin fikirlərinə diqqət edək:”Güc faktoru öz aktuallığını qoruyub saxlayır. Əlbəttə ki, hərbi sahədə müharibə Azərbaycanın şanlı səhifəsidir. Amma, eyni zamanda, təcrübədir. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq. Azərbaycan daha müasir ordu yaradacaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər”.

 Burada daha müasir ordu yaratmaq vurğusu var. Demək ki, müharibə bitsə də, ordu quruculuğu siyasəti bundan sonra da uğurla davam etdiriləcək. Azərbaycan hərbi quruculuqla bağlı prioritetlərində davamlı addımlar atacaq. Nəyə görə? Çünki Prezidentin də qeyd etdiyi kimi, hər bir dövrün tələblərinə hazırlıq indidən olmalıdır və güc faktorunu qoruyub saxlamaq mütləq vacibdir. Cari ilin 27 iyun tarixində Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir ki: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır.

Elşad Talıbov,
Biləsuvar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan