» » Aprel döyüşlərinin biləsuvarlı qəhrəmanları


Aprel döyüşlərinin biləsuvarlı qəhrəmanları

2016 - cı ilin 2 - 5 aprel tarixli, xalqımızın qəhrəmanlıq tarixidə yeni səhifə yazılan - Aprel döyüşlərindən yeddi il ötür. Dünyaya Azərbaycan Ordusunun, dövlətimizin, xalqımızın gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərən bu döyüşlərdə qəhrəman zabit və əsgərlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad edib.

"Biləsuvarinfo" xəbər verir ki, xalqımızın digər oğulları kimi biləsuvarlı qəhrəmanlar da Aprel döyüşlərində rəşadətlər göstərib. Onlardan - Hüseyn Dəmirli, Fəraim Novruzov və Murad Məmmədov şəhidlik zirvəsinə ucalıb. 

Dəmirli Hüseyn Zeynal oğlu 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olub. 1999 - 2011- ci ildə Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirib. 

2011-ci il oktyabrın 6 – da həqiqi hərbi xidmətə çağrılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. O, hərbi xidmətini başa vurduqdan sonra, 2014 - cü ildən könüllü olaraq Beyləqan rayonunda yerləşən “N” saylı hissədə xidmətə başlayıb. Kiçik çavuş, tank komandiri Dəmirli Hüseyn bu döyüşdə qəhrəmancasına şəhid olub. Biləsuvar şəhər qəbiristanlığında uyuyan şəhidimiz subay idi.

Hüseyn Dəmirli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.

Novruzov Fəraim Nadir oğlu 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. 2000 - 2011- ci illərdə Səmədabad kənd tam orta məktəbində təhsil alıb.

Əsgər Fəraim Novruzov 2 aprel 2016-cı ildə Azərbaycan - Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn edilib, subay idi. 

Fəraim Novruzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib. 

Məmmədov Murad Vaqif oğlu 17 aprel 1989 - cu ildə Biləsuvar şəhərində anadan olub.  Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə başlayıb. O, xidmətini başa vurduqdan bir müddət sonra vətənə xidmətini yenidən davam etdirib. 

3 aprel 2016 - cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimiz nişanlı idi. 

Murad Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan