- 25 oktyabr, 20:35
- 599 dəfə oxunub
- 0
Azad Qubadlı tezliklə bərpa olunacaq
Oktyabrın 25-də Qubadlının azad olunmasından iki il ötür. Qubadlının azad edilməsi Ordumuzun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunur. Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin çoxlu sayda texnikasını məhv edən Ordumuz müxtəlif texnikalar ələ keçirməklə ondan sonrakı döyüşlərdə işğalçı orduya qarşı istifadə etdi. Qubadlının azad edilməsi Ordumuzun hücum əməliyyatları zolağını kifayət qədər genişləndirməsi ilə nəticələndi.
Ölkəmizin cənub-qərbində yerləşən Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ermənistan işğalda saxladığı digər ərazilərdə olduğu kimi Qubadlı rayonu ərazisində də talançılıqla məşğul olmuş, bütün maddi-mədəni infrastrukturu yerlə yeksan etmişdir. Belə ki, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
.Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında işğaldan azad olunan rayonlarımızda quruculuq-bərpa işləri uğurla davam etdirilir və yeni yeni infrastruktur layihələri icra olunur. Cəmi iki il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan torpaqlarda artıq həyat yenidən canlanmağa başlayıb.
Azərbaycanın füsunkar təbiətə malik olan yerləri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatını yaşayacaqdır. Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.
Artıq Qubadlı şəhərinin, rayonun işğaldan azad edilmiş kəndlərinin müasir tələblər səviyyəsində yenidən qurulması və bərpası işləri görülür. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz müasir dövrün tələbləri əsasında qurulur, soydaşlarımızın yüksək yaşayışının təmin edilməsi üçün zəruri olan bütün işlər görülür. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi əsasında qurulan torpaqlarımız dünyanın diqqətindədir. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Eyni zamanda Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti, tarixi keçmişi, memarlıqı da nəzərə alınacaq.
Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda böyük infrastruktur layihələr uğurla həyata keçirilir. Əminliklə deyə bilərik ki, cənab Prezident apardığı məqsədyönlü siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlı da tezliklə bərpa olunacaq və öz yurdlarından köçkün düşmüş insanlar doğma evlərinə qayıdacaqlar.
Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı.