- 22 dekabr, 23:46
- 177 dəfə oxunub
- 0
O, müəllimlər müəllimi titulunu şərəflə yaşadanlardandır
Ulu Öndər Heydər Əliyev "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyərkən, hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır- deyə sözlərinə əlavə etmişdir. Bəli isti müəllim qəlbinin hərarəti ömür yolumuza işıq sacır, nur saçan simaları hec vaxt unudulmur. Hər birimiz doğma və əziz müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq.
Biləsuvarımızın müəllimlər müəlimlərindən, ömrünün 74-ci baharına daxil olan Məhəmməd müəllim də şərəfli həyat yolu ilə yüzlərlə yetirmsinə dərin biliklər bəxş edib, onları həyata hazırlayıb. 50 illik pedoqoji fəaliyyətində gərgin xidmətləri yaşadığı cəmiyyətdə böyük nüfuz gətirib. O, bu gün müəllimlər müəllimi titulunu şərəflə yaşadanlardandır.
Məhəmməd Qurbanəli oğlu Qurbanlı 1951-ci 23 dekabrda Biləsuvar rayonunda anadan olub. Orta təhsilini Biləsuvar şəhər Nizami Gəncəvi adına orta məktəbdə alan Məhəmməd Qurbanlı, 1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində ali təhsil alıb. Ali məktəbin 1-ci kursunu əyani oxuyan Məhəmməd müəllim, 2-ci kursdan etibarən təhsilini qiyabi şöbədə davam etdirir.
1971-1977-ci illərdə Biləsuvar rayon İnternat məktəbində tarix fənnini tədris edən Məhəmməd müəllim, 1977-2022-ci illərdə özünün məzunu olduğu Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə müəllim işləyib.
Respublikamızın, rayonumuzun ictimai-siyasi həyata ilə daim maraqlanan Məhəmməd müəllim, pedoqoji fəaliyyəti ilə yanaşı rayonumuzda nəşr olunan "Məhsul" qəzetində korrektor və müxbir kimidə fəaliyyət göstərib.
Daim tarix elminin dərinliklərinə nüfuz etməyə çalışan ziyalımız Respublika Arxeoloqlar və Etnoqraflar İttifaqının Biləsuvar rayonu üzrə nümayəndəsi kimidə çalışıb. Gənc nəslə tədris etdiyi tarix fənnini sevdirə bilən Məhəmməd müəllim özüdə şagirdlərinin sevimli müəllimi kimi həmişə böyük hörmət qazanıb. Təsadüfi deyil ki, Məhəmməd Qurbanlı hələ sovetlər dönəmində ali kateqoriyalı müəllimi, 1-ci dərəcəli pedaqoq adına layiq görülüb. Məhəmməd müəllim yetişdirdiyi şagird və tələbələr təkcə rayonumuzda və Respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da şərəf və ləyaqətlə xalqımıza və dövlətimizə xidmət edirlər.
O, yaşının bu ahıl çağında, təqaüddə olsa da, yenə də gənc nəslə tarix elminin sirlərini öyrədir, qazandığı zəngin pedoqoji təcrübəni gənc müəllimlərlə bölüşür. Heç şübhəsiz ki, bu qədər zəngin ömür yolu, həyat yaşamış Məhəmməd Qurbanlının ən böyük mükafatını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vermişdir. Onun 4 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Məhəmməd Qurbanəli oğlu Qurbanlı Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. Məhəmməd müəllim bu adı hər zaman şərəflə daşıyan nüfuzlu şəxsiyyətdir.
Həyat yoldaşı Məlahət xanımla, üç övladı, beş nəvəsi ilə ömrünün 74-cü baharını qarşılayan dəyərli ziyalımız, ziyasının nurunu yüzlərlə gənc biləsuvarlının həyat yoluna çıraq etmiş Məhəmməd müəllimi təbrik edir, möhkəm can sağlığı, uzun ömür arzulayırıq!.
Yeni yaşınız mübarək Məhəmməd müəllim.