Artıq bir müddətdir ki, təhsil sahəsində əməkdaşlığın qurulması və bu sahədə fəaliyyəti gücləndirmək məqsədi ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb Lisey Kompleksi Respublikanın nüfuzlu ali təhsil ocaqları və institutları ilə ikitərəfli əməkdaşlığa başlayıb. Ötən gün sayca səkkizinci memoranduma imza atan Təhsil Kompleksi qapılarını Elm və təhsil Nazirliyinin Mikrobiologiya və Zoologiya institutlarının nümayəndə heyətinin üzünə açıb. Komplekslə tanış olan qonaqlara 2010-cu ildən ugurlu fəaliyyəti ilə Ölkənin qabaqcıl təhsil müəssisəsi kimi özün təsdiqləyən Biləsuvar Təhsil Kompleksinin son 10 ildə məzunlarının qazandığı elmi və təhsil nailiyyətləri barədə ətraflı məlumat verilib. Təhsil ocağında onların foto və guşələrini əks etdirən şərəf lövhəsinə baxış keçirilib.
Görüş zamanı ARETN-in Mikrobiologiya institutunun baş direktoru, AMEA-nın müxbir üzvü, biologiya elmlər doktoru, professor Pənah Muradov, Elmi Tədqiqat Zoologiya institutunun baş direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov çıxış edərək, Biləsuvar Təhsil Kompleksi ilə birgə təhsil sahəsində əməkdaşlığın qurulmasından öz məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, tərəflər arasında sıx əməkdaşlığın qurulması ilə fəaliyyət zamanı ən yaxşı təcrübə mübadiləsi, birgə konfranslar, simpoziumlar, təhsil sahəsində yeniliklərlə bağlı digər tədris tədbirləri, respublikada və beynəlxalq arenada keçiriləcək layihələrdə şagirdlərin iştirakı təmin ediləcək, kompleksin abituriyent hazırlığı mərhələsində təhsil alan şagirdlərin institut səfərləri, eləcə də bir çox elmi təcrübə mübadiləsi təşkil ediləcək.
Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov , nümayəndə heyətinə minnətdarlığını ifadə edərək, nizamnaməyə uyğun olaraq, regionda ikitərəfli əməkdaşlığın elm və təhsilin inkişafı üçün faydasından, təcrübə mübadiləsi və dostluq əlaqələrinin ugurla inkşaf etdiriləcəyindən danışıb.
Daha sonra institut rəhbərləri ilə Təhsil Kompleksi arasında qarşılıqlı əlaqələrin qurulması barədə rəsmi memorandum imzalanıb. Nümayəndə heyətlərinə hədiyyələr təqdim olunub.
İnstitut rəhbərlərinin Biləsuvara səfəri çərçivəsində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov da qonaqları qəbul edib, onlara razılığını ifadə edərək, qarşıda təhsil müəssisələri arasında davam etdiriləcək əməkdaşlıqda onlara ugurlar diləyib.
Xatırladaq ki, bu, Biləsuvar Təhsil Kompleksinin cari ildə respublikanın ali təhsil müəssisələri və institutları ilə bağladığı sayca səkkizinci əməkdaşlıq memorandumudur. Bir müddət əvvəl 16-20 may tarixlərində Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov və nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin Dənizli əyalətinin Ərbakır fənn liseyinin dəvəti ilə orada işgüzar səfərdə olublar. Və aralarında iki təhsil müəssisəsinin gələcək əməkdaşlığını özündə əks etdirən rəsmi protokol imzalanıb. Görüşdə müxtəlif təhsil pillələrində tədrisin təşkili və bu istiqamətdə pedaqoji metodiki dəstəyin verilməsi kimi məsələlər müzakirə edilib.
Ülvi Həzizadə