» » Azərbaycan inkişafının yeni mərhələsini yaşayır


Azərbaycan inkişafının yeni mərhələsini yaşayır

      Böyük əkinçilik ənənələrinə malik ölkələrdən biri olan Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və gərgin əməyi ilə həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, resurslardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası ümummilli lider tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub.

      Kənd təsərrüfatında müşahidə olunan inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı siyasi kurs dayanır. Bu siyasi kurs müstəqilliyimizin, təhlükəsizliyimizin, sosial-iqtisadi tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təminatçısına çevrilib. Aqrar sahənin müxtəlif sahələrinə dair Dövlət proqramlarının icrası davam edir. Ölkədə məqsədyönlü islahatlar keçirilir, nəticədə digər sahələr kimi, aqrar sektor da öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir. Ərzaq təhlükəsizliyinin təminatı istiqamətində görülən işlər 2022-ci ildə də davamlı xarakter daşıyıb. Kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması özünü iqtisadi göstəricilərin yüksəlməsində, fermerlərin gəlirlərinin artmasında, aqrar fəaliyyətin insanlar üçün əməktutumlu və gəlirli sahəyə çevrilməsində göstərir. 

      Hazırda ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: Aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. 

      2020-ci ildən aqrar subsidiyalar yeni mexanizm- Elektron Kənd Təsərrüfatıİnformasiya Sistemi üzərindən həyata keçirilir. Yeni subsidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin artırılmasını, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Qəbul olunan qərarlar, imzalanmış fərman və sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır. Məhz həyata keçirilən tədbirlər nəticəsində təkcə bu ilin 9 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb. Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Aqrar sahənin ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb. Bu nəticələrə dövlətin yürütdüyü uğurlu aqrar siyasət və fermerlərə göstərilən xüsusi diqqət sayəsində nail olmuşuq.

      Bu gün aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirilmişdir. Ötən bir neçə il ərzində dövlət başçısı rayonumuzun kənd təsərrüfatı sektorunda yüksək nəticələr əldə etmiş Fazil Musayevi, Şakir Soltanovu1-ci dərəcəli“Əmək” Oredeni,Ramiz Əliyevi, Rüstəm Əzizovu 3-cü dərəcə “Əmək”ordeni, Lətif Cəfərovu, Hikmət Əliyevi “Tərəqqi” medalı ilə təltif etmişdir.
            
      Regionlarda aparılan uğurlu aqrar siyasətin nəticəsində qarşıya qoyulan vəzifələrin icrasının həyata keçirilməsi öz bəhrəsini vermiş, rayonumuz üçün ənənəvi sahələr olan taxılçılıq və pambıqçılıqda mühüm nailiyyətlər əldə olunmuşdur.  2022-ci ildə  33562 hektar taxıl sahəsindən 96500 ton məhsul toplanmış, orta məhsuldarlıq  28,8 sentner olmuşdur. Bu isə 2021-ci  ildəki orta məhsuldarlıqdan 1,8 sentner çoxdur. Buğda məhsulu üzrə isə daha yüksək- 3.6 sentner çox məhsuldarlıq əldə olunmuşdur. Bitkiçiliyin digər sahələrində də məhsuldarlıqda əsaslı irəliləyiş əldə olunmuşdur.2021-ci ildə pambıqçılarımız suvarma suyunun çatışmazlığı fonunda hər hektardan 24,7 sentner nəticə göstərməklə əvvəlki illərin nəticələrini təkrarlamışlar.Bu il isə daha yeksək nəticə əldə etmək üçün tam zəmin formalaşmışdır.

      Ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafı istiqamətində mühüm uğurlar  davamlı olaraq baş tutur.Bu uğurlar dövlətin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Prezidentin dəfələrlə vurğuladığı kimi, ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Bu vətəndaşların böyük bir hissəsi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında bilavasitə iştirak edən kənd təsərrüfatı işçiləridir. Bütün fermerlər adından dövlətimizin başçısına aqrar sektorun inkişafına göstərdiyi yüksək qayğı və diqqətə görə minnətdarlığımızı bildiririk

    Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru
    Nurəddin Quliyev
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR