- 2 aprel, 13:07
- 676 dəfə oxunub
- 0
Aprel döyüşlərindən 6 il keçir
Xalqımızın igid oğlanları kimi Biləsuvarlı qəhrəmanlarda Aprel döyüşlərində qəhrəmanlıq göstəriblər. 3 biləsuvarlı - Hüseyn Dəmirli, Fəraim Novruzov, Murad Məmmədov şəhidlik zirvəsinə ucalıb.
"Biləsuvarinfo" xəbər verir ki, şəhidlərin məzarları ictimaiyyət nümayəndələri və şəhid yaxınları tərəfindən ziyarət olunur.
Qeyd edək ki, Dəmirli Hüseyn Zeynal oğlu 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olub. 1999-2011-ci ildə Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirib.
2011-ci il oktyabrın 6-da Biləsuvar rayonunun Hərbi Komissarlığından hərbi xidmətə çağrılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən “N” saylı hissədə xidmətə başlayıb. Kiçik çavuş Dəmirli Hüseyn 2016-cı ilin aprel ayının 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz subay idi.
Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.
Daha bir Aprel şəhidi Novruzov Fəraim Nadir oğludur. O, 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. 2000-2011-ci illərdə Səmədabad kənd tam orta məktəbində təhsil alıb.
Əsgər Fəraim Novruzov 2 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn edilib.
Şəhidimiz subay idi.
Ölümündən sonra Fəraim Novruzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.
Biləsuvarlı Aprel şəhidlərindən daha biri Məmmədov Murad Vaqif oğlu, 17 aprel 1989-cu ildə Biləsuvar şəhərində anadan olub. Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə başlayıb.
Xidmətini başa vurduqdan sonra Murad da könüllü olaraq xidmətini Milli Orduda davam etdirib.
3 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimiz subay idi.
Murad Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.
16 yanvar 2020-ci ildə Biləsuvar rayonu Heydər Əliyev adına parkda Aprel şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə “Zəfərə aparan yol” abidə kompleksi ucaldılıb.
I Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında ümumilikdə 134 nəfər, o cümlədən Vətən müharibəsində 69 nəfər biləsuvarlı şəhidlik zirvəsinə yüksəlib.