Müstəqilliyimiz yaşadıqca Heydər Əliyevin də adı yaşayacaq » Yerli İnformasiya Agentliyi
» » Müstəqilliyimiz yaşadıqca Heydər Əliyevin də adı yaşayacaq

Müstəqilliyimiz yaşadıqca Heydər Əliyevin də adı yaşayacaq

       Müstəqil dövlət, azad məmələkət! Belə bir ölkənin vətəndaşı olmaq nə qədər şərəflidir! Məhz bu səbəbdən xalqımızı ağ günlərə çatdırmış Qurtuluş günündə deməyə sözümüz olduqca çoxdur. 
        Qurtuluşumuz heç də asan olmamışdır. 1993-cü ili xatırlayaq. Qeyd edək ki, AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə bəla, faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi. Həmin vaxt hakimiyyətin səbatsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu. Ölkəmizin ədalətsiz müharibəyə sürüklənməsi, torpaqlarımızın işğalı, daxili çəkişmələr, dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması müstəqilliyimizin ilk illəri üçün səciyyəvi olan ağrılı bir cəhət idi. Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşmişdi. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə daxili didişmələr, eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq nəticəsində bu hakimiyyət cəmi bir il mövcud ola bilmişdi. Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla əkiz qardaşdırlar – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriºtəsiz, qorxaq, fərari.
       O vaxt ulu öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıtmasaydı, dövlətçiliyin sükanının öz əlinə almasaydı, milli azadlığımız uğrunda qətiyyətli mübarizə aparmasaydı, kim bilir dövlətçiliyimizin taleyi necə olacaqdı! O,1993-cü ilin oktyabr ayında ölkə başçısı seçildikdən sonra müstəqilliyimiz uğrunda daha ciddi və cəsarətli addımlar atmağa başladı, titanik zəhmət bahasına müstəqil Azərbaycanı bütün dünyaya tanıtdı. 
        Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.  Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.
         İndi Heydər Əliyevin memarı olduğu müstəqil respublikamız sürətli və geniş inkişaf yolundadır. Ölkənin bütün guşələrində əmin-amanlıq və sabitlik, qarşısıalınmaz inkişaf hakimdir, torpağımızın hər qarışında ulu öndərimizin  iradə və əzmkarlığı öz bəhrələrini verir, həyatımıza şanlı  qələbələrin yazılması təmin edilir. Bütün bunların nəticəsində əhalinin xoşbəxt gələcəyə, işıqlı sabaha inamı artır, müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır.


Ofeliya Qəhrəmanova,
Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin direktoru
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran