» » "TEKNOFEST Azərbaycan" aerokosmik və texnologiya festivalı


"TEKNOFEST Azərbaycan" aerokosmik və texnologiya festivalı

"TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilir. Türkiyədən kənarda ilk “TEKNOFEST” Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunub.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.

Festivalın açılışı bu möhtəşəm tədbirə hazırlığın gedişatını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Açılış mərasimində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış ediblər.

Nazir Rəşad Nəbiyev Türkiyə nümayəndə heyətini və bütün iştirakçıları salamlayaraq bildirib ki, “TEKNOFEST” Türkiyədən kənarda ilk dəfə məhz Azərbaycanda keçirilir.
“Bu festival ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Bu, eyni zamanda, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiya üfüqlərini daha da genişləndirir. Gənclərə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək üçün yeni platforma, meydan təqdim edir”, – deyə nazir vurğulayıb.

Nazir Rəşad Nəbiyev, həmçinin qeyd edib ki, “TEKNOFEST Azərbaycan” festivalına qatılan gənclərin ən böyük qazancı əldə etdikləri təcrübələrdir. Festival gənclərin texnologiya və innovasiya sahəsində potensialının üzə çıxarılması üçün unikal platformadır.
“TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri, eyni zamanda, “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Selçuk Bayraktar qardaş Azərbaycanda olmaqdan qürur duyduğunu deyib.

“Bir millət, iki dövlət olaraq qardaşlığımız dəfələrlə sınandı və şükürlər olsun hər dəfəsində könül bağımız daha da qüvvətləndi. Azərbaycanda gözəl bir atalar sözü var: “Dost dar gündə tanınar”. Biz hər zaman dar gündə də, şad gündə də bir yerdə olduq. Bakını İstanbuldan fərqləndirməyən  Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu da, Qarabağa xidmət edən yüksək texnoloji milli pilotsuz uçuş aparatlarını hazırlayan türk mühəndisləri də eyni ruha sahibdirlər. Bizim ürəyimizdə bir yara olan Qarabağ, eyni zamanda, qardaşlığımızın zirvəsidir. Bu səbəblə Qarabağı yenidən vətən torpağı edən Zəfərin əsl memarı olan əziz şəhidlərimizi bir daha qarşınızda anıram. Ruhları şad olsun”, - deyə Selçuk Bayraktar qeyd edib.

Selçuk Bayraktarın geri sayımı ilə “TEKNOFEST Azərbaycan” festivalı öz işinə başlayıb. Təbdir iştirakçıları VİP tura dəvət olunublar. Tur zamanı qonaqlar sərgilərlə tanış olub, moderator onlara “TEKNOFEST” barədə ümumi məlumat verib.

“TEKNOFEST” çərçivəsində keçirilən yarışlarda pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərmək imkanı verir. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər.
Festival elmi, texnologiyanı sevən gənclərə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq. Eyni zamanda, birlikdə çalışan gənclərə komanda ruhu aşılayacaq. Sağlam mühitdə rəqabət aparmağı, əzmkar olmağı öyrədəcək.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou festivalın ən yaddaqalan hadisələrindən biri olub.

Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbaninin təqdimatında möhtəşəm hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən qardaş Azərbaycan və türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayıb. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və “TEKNOFEST” festivalının bayrağını Bakı səmasında dalğalandırıb.

Hörmət Məmmədli,
Masallı rayon Binə Xocavar kənd sakini, fəal
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR