» » » Bu gün Mübariz İbrahimovun doğum günüdür


Bu gün Mübariz İbrahimovun doğum günüdür

 Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

“Bilesuvarinfo” xəbər verir ki, hər il olduğu kimi yüzlərlə Mübarizsevərlər onun doğulduğu, Biləsuvar rayonunun  Əlabad kəndinə gəlir. Burada şəhidin ata ocağını və ev muzeyində olaraq qəhrəmana sonsuz sevgilərini ifadə edirlər.
 İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil almağa başlayıb, 2005-ci ildə orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb,  2007-ci ildə xidmətini  çavuş rütbəsində başa vurub.
O, iki il mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən orduya qayıtmağa qərar verib və öz arzusu ilə gizir rütbəsində, cəbhə bölgəsində hərbi xidmətə başlayıb.

Deyrlər, heç kəs anadan qəhrəman doğulmur: “Onu yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter və vətən sevgisi qəhrəman edir. Mübariz İbrahimov da öz varlığı ilə, atəş kimi ürəyi ilə Azərbaycanda qəhrəmanlıq salnaməsi yazmağı bacardı, igidlər, şəhidlər karvanına qoşuldu. “


Qarabağ savaşında evsiz-eşiksiz qalmış milyonlarla soydaşımız, əsirlikdəki ana-bacılarımız barədə düşüncələr Mübarizin cəsur ürəyinə rahatlıq vermir, intiqam duyğularını alovlandırırdı.Vaxtaşırı pozulan atəşkəs rejimində şəhid düşən, yaralanan əsgər qardaşlarını almaqla rahatlıq tapa bilərdi. 

 Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da Tərtər istiqamətində, gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Onun meyitini düşmən geri qaytarmaq istəmir, şəkillərini sosial şəbəkələrdə paylaşırdılar. Lakin bu şəkillər Azərbaycanın igid balasını hər kəsə daha çox sevdirdi, hər kəs bir nəfər kimi qəhrəmanın cəsədinin geri verilməsini tələb edirdi.

Dövlət başçısının səyləri və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində şəhid  Mübariz İbrahimovun noyabrın 6-da qarşı tərəfdən alınıb və xalq tərəfindən təntənəli şəkildə dəfn edilib.

Noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Şəhid İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsi əbədiləşdirilib. 

Adı dillər əzbəri olan qəhrəmanımız unudulmur, sevgi ilə yad edilir, hərbi xidmətə yollanan əsgərlərimizə nümunə olaraq göstərilirdi. Vətən müharibəsində hər kəs onun ölməz qəhrəmanlığında güc alan şanlı ordumuzun minlərlə Mübarizlərinin olmasına şahid oldu. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR