- 11 oktyabr, 16:50
- 745 dəfə oxunub
- 0
Biləsuvarda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Sadıqov Surac Ədalət oğlunun xatirəsi ehtiramla anıldı.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
11 oktyabr 2021-ci il tarixində Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Sadıqov Surac Ədalət oğlunun xatirəsi ehtiramla anılıb.
"Bilesuvarinfo" xəbər verir ki, qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olmuşdur.
Sadıqov Surac Ədalət oğlu - 15 iyul 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Orta təhsilini Ağalıkənd kənd tam orta məktəbində almışdır.
Surac Sadıqov həqiqi hərbi xidmətini yerinə yetirərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Surac Sadıqov 11 oktyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar rayonu Ağalıkənd kənd qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Surac Sadıqova ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Mənbə: "Bilesuvar rayon icra hakimiyyətinin saytı"