- 6 iyul, 13:33
- 1 250 dəfə oxunub
- 0
Biləsuvar idmanı ilə bağlı 40 illik məktəb
Bu məktəb gözdən uzaq yerdə deyil, düz rayonun mərkəzindədir. Ətrafında sıralanan yeni tikililər məktəbi indi gözə görünməz etsə belə, yenə də xüsusi əhəmiyyətə malikdir.
Məktəbin fəaliyyətə başladığı 1980-cı illə müqayisədə rayon əhalisinin 30-40 faiz artdığını, əlbəttə gənclərin sayının da çoxalmasını nəzərə alsaq, məktəbin daha səmərəli fəaliyyəti arzuolunandır.
40 il öncə fəaliyyətə başlayanda Biləsuvar Uşaq Gənclər İdman Şahmat Məktəbində boks, sərbəst güləş, futbol, basketbol idman növləri və şahmat üzrə yaradılan bölmələr bu gün də fəaliyyət göstərir. Ötən bu illərdə məktəbin yetirmələri çoxsaylı uğurlara imza atmışlar. Və bu uğurları yaşadanlar, illər sonrası öz yetirmələrinin uğurları ilə öyünüb, qol-qanad açmışlar. Boks idman növündə - İmanverdi, İmaməli və Xalıq Muradov qardaşları, Qurbanxan Məhərrəmov, sərbəst güləş üzrə Ağəddin Abıyev , Vaqif Mirzəyev və karate idmanı üzrə Əjdər Seyfullayevin idmanın inkişafındakı xidmətləri bu gün fəxrlə xatırlanır. Biləsuvar futbolundan söhbət düşəndə Səyadullah Qurbanov və Vidadi Seyfullayevin, həmçinin baksitbol idmanında veteran müəllimimiz Hafis Yəhyayevin adını fəxrlə çəkməyə bilməzdik. Adlarını çəkə biləcəyimiz neçə-neçə məşqçi müəllimlər bəzən qarşıya çıxan çətinliklərə belə baxmayaraq fiziki cəhətdən gəncliyimizin formalaşmasında əzmlə çalışmışlar. Fiziki cəhətdən sağlam Biləsuvar gəncliyinin Qarabağ savaşında döyüş meydanında göstərdiyi çoxsaylı rəşadətlər bir daha deməyə əsas verir ki, müəllimlərimizin zəhməti hədər getməyib.
Biləsuvar Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Ramil Muradov məktəbin fəaliyyəti barədə "Bilesuvarinfo"ya danışarkən demişdir:
- Respublikamızda gənclər və idman sahəsində görülən ardıcıl işlər bizi üzərimizə düşən məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyə ruhlandırır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi qələbəmizin möhürlənməsilə o da təsdiqini tapmışdır ki, ölkəmizdə gənclər siyasəti sahəsində aparılan işlər əvəzsizdir.
Bu gün məktəbimizin rayonda gənclərlə 5 idman növü üzrə məşğul olunur. Bir müddət COVİD - 19 pandemiyası səbəbindən məşqlərin keçrilməsində müəyyən məhdudiyyətlərin olmasını nəzərə alsaq, bu sahədə də işlər diqqətdə saxlanılır.
Qeyd edim ki, məktəbimizin ümumilikdə 504 nəfər şagirdi var ki, onlardan 255-i idman bölməsinə aiddir.
Boks idman növü üzrə Biləsuvar rayon musiqi və incəsənət Məktəbinin inzibati binasındakı və Bəydili kənd tam orta məktəbində idman zallarında məşqlər üçün şərait var. Sərbəst güləşdən məşqlər adı çəkilən musiqi məktəbində, rayon Olimpia idman Kompleksində, Ağalıkənd və Nəsimikənd tam orta məktəblərində keçirilir. Basketbol idman növü üzrə isə Bəydili və Xırmandalı kəndlərində məşqçi müəllimlərimiz var.
Məktəbin şahmat bölməsinin tarixi keçmişini varaqlasaq, yetirmələrinin parlaq qələbələrinə şahid olarıq. İbrahim Babayevin inkişafında xüsusi zəhməti olan Şahmat bölməsinə hazırda Sevil müəllimə rəhbərlik edir. Məktəbin yetirmələri arasında, respublika üzrə keçirilən yarışlarda qazanılan qələbələrdə birinciliklərə imza atanlar da olub. Bu kimi yarışlarda nəticə göstərmiş şagirdlərimizdən Babazadə Xəzər Araz oğlunun, Məmmədli Ramil Famil oğlunun və Rzazadə Nihad Aqşin oğlunun adını fəxrlə çəkmək olar.
İdman bölməsində fiziki cəhətdən sağlam gənclərimizin olması, yarışlarda göstərdikləri ardıcıl qələbələr, onların parlaq gələcəyindən xəbər verir. Boks üzrə sonuncu dəfə keçirilən respublika birinciliyində Adışov İbrahim Firudin oğlu (78 kq çəkidə) 1-ci yeri, Süleymanov Taleh Şahin oğlu ( 48 kq çəkidə ) və Gülqasımlı Emrus Pərviz oğlu ( 38 kq çəkidə ) 3-cü yeri götürmüşlər. Sərbəst güləş üzrə gənclərimizə gəlincə isə Ağayev Rəşad Telman oğlunun ( 41 kq çəkidə ), Rzayev Elnur Güloğlan oğlunun adını xüsusilə vurğulamaq olar.
2019-cu ilin avqustunda Lənkəranda Futbol üzrə keçirilən zona yarışında qalib olan komandamız Bakı şəhərində keçirilən final yarışında respublika ikincisi olub. Ümidverici futbolçularımızın çox olması, qələbələrin davamlı olacağını deməyə əsas verir.
Azərbaycanın gələcəyi Azərbaycanın gəncliyindən asılıdır. Ümummilli lider Heydər Əliyevin hələ müstəqilliyimizin ilk illərində gəncliyin dövlətçiliyimizin inkişafındakı rolunu qiymətləndirərək səsləndirdiyi fikirlər illər ötdükcə gənclərin dövlətçiliyimizin möhkəmləndirilməsində xidmətləri ilə təsdiqini tapır. Əlbəttə, dövlətimizin bu sahəni davamlı diqqətdə saxlaması, sistemli dövlət proqramlarının icrası ilə mümkün olmuşdur.
"Mən hər bir işin nə zaman, necə ediləcəyini yaxşı bilirəm" deyən, cənab Prezident Ali Baş Komandan İlham Əliyev ərazi bütövlüyümüz uğrunda hücum əmrini verəndə hər kəs, bütün dünya Azərbaycan xalqının qətiyyətinə, vətənpərvərlik ruhuna şahidlik etdi. 44 günlük Vətən müharibəsində minlərlə vətən övladının şərəfli məqsəd uğrunda alovlu vətəpərvərlik ruhunu ölüm belə qorxuda bilmədi. Vətən müharibəsində gedən o gərgin döyüşlərdə fədakarlıq göstərən yüzlərlə biləsuvarlı gənclərdən də 69 nəfəri Şəhidlik zirvəsinə yüksəlmişdir. Onlar arasında məktəbimizin idmançı gəncləri də var. Bağırlı Hikmət Qəhrəman oğlu, Astanlı İqbal İlqar oğlu, Əlizadə Nəriman Nurəhməd oğlu, Gözəlov Xalid Həsən oğlu, Quluzadə Məhəmməd Cəlal oğlu, Mahmudov Babək Süleyman oğlu, İsayev Rahət Rafət oğlu bu gün məktəbimizin qürur və şərəflə andığı qəhrəman yetirmələrimizdir .
Qələmə aldı:
Surxay Sahbazov