» » Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündə ailəsi ziyarət olunub


Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündə ailəsi ziyarət olunub

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günündə ailəsi ziyarət olundu.

"Bilesuvarinfo"
xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri  Mlli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüblər.

İcra Hakimiyyətinin Başçısı Milli Qəhrəmanın ailəsi ilə görüşdə bildirdi ki, Mübariz İbrahimov torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. Hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.

Görüş zamanı Milli Qəhrəmanın atası Ağakərim İbrahimov onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirdi. 

Bildiririk ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub. 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra, hərbi xidmətə çağrılmış və  xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətini davam etdirmiş və öz istəyi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlamışdır.
2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə M.İbrahimov xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər Azərbaycan əsgərinin göstərdiyi bu igidliyi qarşısında ağır itkilər verir. Bir neçə saat davam edən bu döyüşə düşmən əlavə qüvvə cəlb edir. Təkbaşına böyük bir düşmən ordusu ilə döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı.
  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sərəncamı ilə Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülməsi respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət olaraq qarşılandı. 
Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə bir daha sübut etdi ki, Milli Qəhrəman Mübariz İbrahimovun igidliyi ölkəmizdə böyük bir qəhrəmanlıq məktəbi yaratmışdır. Məhz bu məktəbin davamçıları olaraq Azərbaycan Ordusunun əsgərləri döyüşlərdə tarixi qələbələr qazanaraq bir daha bütün dünyaya ordumuzun gücünü, qüdrətini hiss etdirdi.
Vətənimizin azadlığı üçün bu yolda canını əsirgəməyən,ölümün gözünə dik baxan qəhrəman şəhidlərimizlə qürur duyuruq!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan