» » 7 kənd susuz qalıb - YENİLƏNİB


7 kənd susuz qalıb - YENİLƏNİB

Biləsuvar rayon İcra Hakimiyyəti problemlə bağlı açıqlama verib:

"Bildiririk ki, iyul ayından başlayaraq Araz çayında suyun səviyyəsinin kəskin düşməsi səbəbindən Biləsuvar rayonuna verilən suyun həcmində də azalma olmuşdur. Digər tərəfdən də rayonda əkinlərin suvarılması aparıldığı üçün suya ehtiyac artmış və ayrılan su limiti tələbatı tam ödəmir.Buna görə də istər əkin sahələrinin suvarılmasında, istərsə də əhalinin içməli su tələbatının ödənilməsində su növbəlilik əsasında verilir.Hazırda əkin sahələrinin suvarılması üçün Maşın Qolu kanalına verilən su qrafikə əsasən iyul ayının 9-dan Cənub Muğan kanalına veriləcəkdir".

*** 2022-07-04 17:42:50
Cənub Muğan kanalının quruması Biləsuvar rayonunun bəzi kəndlərində su problemi yaradıb.

Bu barədə "Biləsuvarinfo"ya 
rayonun su problemi ilə üzləşən Yuxarı Cürəli, Aşağı Cürəli, Ovçubərə,Təzəkənd, Ağalıkənd, Amankənd və Dərvişli kənd sakinləri müraciət edib.

Onların sözlərinə görə, təxminən bir həftəyə yaxındır ki, su problemi var:

"Hər il problemimiz may ayından başlayardı. Bu il may və iyun ayında suyumuz oldu. Amma iyul ayı girəndən su kanalı tamamilə quruyub".

Sakinlər bildirib ki, su qıtlığı içməli su təminatında problemlərin yaranmasına səbəb olub:

"Eyni zamanda su qıtlığı kənd təsərrüfatında da mənfi təsirlər göstərir. Bu da əkinçilik, heyvandarlıq və pambıqçılıq sahəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq".

Qeyd edək ki, sözügedən kanal bu kəndlərin əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir. Hazırda kənd sakinləri içməli suyu pulla şəhərin mərkəzindən sudaşıyan nəqliyyat vasitələri ilə alırlar.

Xatırladaq ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal mənbəyini Araz çayından götürür və Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan