Biləsuvarda “Səyyar gənclər xidməti” layihəsinin açılışı oldu » Yerli İnformasiya Agentliyi
» » Biləsuvarda “Səyyar gənclər xidməti” layihəsinin açılışı oldu

Biləsuvarda “Səyyar gənclər xidməti” layihəsinin açılışı oldu

Bu gün Biləsuvar rayonunun Bağbanlı kəndində “İmkanlar Sənə Doğru!” devizi altında növbəti “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib.
"Bilesuvarinfo" xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. 
Lahiyənin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Gənclər Fondu,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Dayanıqlı İnkişaf Agentliyinin rəhbər şəxsləri, eləcə də İNNOLAND və Təhsil Nazirliyinin STEAM proqramı nümayəndələri gənclərlə görüşüb. Onlar dövlət başçısının gənclərə qayğısı və bu xüsusda təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verdilər. 

Qeyd olunmuşdur ki, layihənin məqsədi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır.

Bu məqsədlə müxtəlif dövlət qurumları və özəl təşkilatlar tərəfindən gənclərə təqdimatlar keçirilib, gənclərin proqramlara yerindəcə cəlb olunması təmin edilib: "Layihənin əsasında gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtların səmərəli təşkili, onların bilik, bacarıqlarının və dünyagörüşünün genişləndirilməsi dayanır. Bu xüsusda, gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib."

Daha sonra, gənclər üçün "Karyera planlamasına özünü kəşf etməklə başla!", "Əsas həyat bacarıqları" və "MotivasiyamIZ" mövzularında təlimlər və müxtəlif masterklaslar keçirilib. Təqdim olunan “CV konstruktoru” xidməti vasitəsilə region gənclərinə “CV”-nin yazılması qaydaları praktiki şəkildə nümayiş etdirilib. Layihə çərçivəsində gənclər üçün həmçinin bir sıra idman yarışları və musiqili əyləncə proqramları təşkil olunub. 

Qeyd edək ki, layihənin Azərbaycanın 40-a yaxın şəhər və rayonunun 100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə etməsi nəzərdə tutulur.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran