» » Gözlərə nur, qəlblərə sevinc bəxş edən alim, akademik!


Gözlərə nur, qəlblərə sevinc bəxş edən alim, akademik!

Zərifə Əliyeva - 99

Məşhur Azərbaycan oftalmoloqu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, çox-çox ümidini itirmişlərin gözlərinə öz şəfalı əllərilə işıq verən professor Zərifə xanım Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28-də, Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində baharın axar-baxarlı çağında bu dünyaya göz açmışdı. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Göz xəstəlikləri ilə mübarizə apardığı Oftalmologiya Elmi Tədqiqat institutunda elmi fəaliyyətini həkim-ordinator vəzifəsindən başlayır.


 Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Həmin illərdə o qadalı günləri yaşayan rayonlardan biri də Biləsuvar rayonu (keçmiş Puşkin) idi. Masamın üstündəki, həmyerlimiz Ə.Rəhimovun “Qonaq” kitabını varaqlayıram, “Bir dəstə qızıl gül” başlıqlı sənədli hekayədə nursuz gözlərə işıq paylayan o mələksimanın necə də təvazökar,  sadəlövh,mədəni bir xanım olması, peşəsinə bağlılığı, bilik-bacarığı real obrazlarla canlanır.! Fikirlərimi qocaman yazar Əlibala müəllimin həmin dövrün canlı şahidlərindən dinləyib qələmə aldığı sənədli hekayəsinə müraciət etməklə davam etdirirəm.

-Səhiyyə Nazirliyində kollegiya iclası davam eləyir, daha doğrusu, yerlərdən göndərilən statistik məlumatlar təhlil olunur. Hansı rayonda vəziyyət necədi, bu yay  insanları incidən, işi-gücü əngəlləyən xəstəliklər, onların profilaktikası üçün aparılan tədbirlər bir-bir sadalanır... və birdən nazirin qaşları çatılır, hirslənir o:

-Baxın ey,  Puşkində traxoma tüğyan eləyir, Niyə belə olsun? Orda vəziyyət, çox güman, daha ağırdır, bizə düzgün məlumat çatdırılmır. Təcili olaraq Puşkinə getmək, ən azından əhali arasında sanitariya təbliğatı aparmaq bizim tibb personalının müqəddəs borcudur... Ümumiyyətlə, əhali arasında gigiyenik-epidemioloji tədbirlərin müntəzəm olaraq aparılmasını unutmamalıyıq. Xüsusilə, çöl-bayırda işləyənlərlə, heyvandarlıq fermalarında gecə-gündüz çalışanlarla tez-tez görüşməliyik.

O iclasdan bir gün ötmüşdü. Zərifə xanım işə gələndə bu şərəfli missiyanı o, öz üzərinə götürür. Elə şəhərdə yaşamışdı: Mil, Muğan, Talış...zonalarının adını eşitmişdi. Olmaz belə, həmişə şəhər aurasında ömür-gün keçirmək kimə lazımdı. Qoy gedim Puşkinə, görüm orada camaatın əhvalı, işi-gücü necədir, nəynən nəfəs alıb yaşayırlar... Həkimlik bir yana, əgər ziyalıyıqsa, Azərbaycan vətəndaşıyıqsa, hər bölgəni, rayonu, kəndi tanımalıyıq... Döndü arxaya baxdı, Azərbaycanın xəritəsinə: Puşkin hardadır? Kürün sahilindəki Salyandan o yana, yuxarıda İmişliyə, o biri tərəfdən Astarxanbazarla qonşu. Gedəcəm, burda nə var ki... Keçdi o biri otağa, qol çəkib, ezamiyyə vərəqəsini götürdü. Sabahı gün evdə dedi ki, onu göndərirlər Puşkinə-ezamiyyətə və yəqin ki, axşamlar üç gün gəlməyəcək evə. Yol çantası düzəltdi, paltarını yığdı ora, gəldi avtovağzala...

Rayona çatanda soraqlaşa-soraqlaşa gəldi baş həkim Ayaz Quliyevin yanına. “Kimdi bu hündür boylu, yaraşıqlı cavan qız?” Təəccübləndi və ezamiyyə vərəqini oxuyanda gözlərinə inanmadı. “məşhur dövlət və ictimai-siyasi xadimi, tibb elmləri korifeyi Əziz Əliyevin qızı oftalmoloq Zərifə  Əliyeva...” Yəqin ki, traxoma ilə maraqlanacaq-deyə düşündü baş həkim. Yanılmamışdı o, gəldilər palataya. Bakıdan ezam edilən cavanca qız əvvəlcə sənədlərə göz yetirdi. 16 xəstə gözündən müalicə olur. Bəs hanı onlar? İki uşaq həyətdə top-top oynayır. Baxdı onlara: Ay aman, biri çəp göz, o birisi isə o qədər ovalayıb ki, gözləri qanla dolub, uzağı çətin görür...

Qaranlıq məqam yoxdu-saxtakarlıq və şübhəsiz, 16 xəstəyə hər gün üç dəfə yemək verilir, adlarına dərman yazılır. Bunların hamısı pul deməkdir. Heç üstünü vurmadı: görünən dağa nə bələdçi..

Xəyal dünyasında institutun direktoru Umnisə xanımın bu sözləri canlandı: “Yerlərə gedəndə, hansı rayonda olur-olsun, quru statistika ilə rastlaşacaqsınız. Çalışın kəndlərə gedib, əsl vəziyyəti görəsiz”... Keçən həftə direktor ürək ağrısı ilə dedi: “bəzi rayonlarda 2-3 ali təhsilli həkim ola-olmaya... hər yerdə feldşer, tibb bacısı. Onlar da xəstəyə həb atdırır, iynə vururlar. Rayonların birində eşitdim ki, feldşeri çağırırlar fermada sağıcı işləyən qadının üstünə. Baxır, deyir: bu qəfil sancıdı, mənim gücüm çatmaz, aparın Bakıya: Demə o, xəstədə kor bağırsağın iltihabı varmış. Bağırsaq partlayır, qan zəhərlənir, xəstə ölür...”

Ümumiyyətlə, yerlərdə antisanitariya hökm sürür. Vərəm, malariya, taun, traxoma, qızılca... kimi xəstəliklər baş alıb gedir.

Zərifə xanım:  İstəyirəm İmişli istiqamətdə, ucqar bir kənd yerində olum...

Baş həkim: Hə lap yaxşı, qoy getsin Nobat xanımın yanına. Sonra “təcili yardım”ın sürücüsünü çağırdı və ona Nərimankənd feldşer-mama məntəqəsinin müdiri, müharibə veteranı Nobat Ağayevanın üstünə kağız verdi... Və sürücü Zərifəni gətirdi kəndə... O, heç gözləmirdi bu görüşü. Sanki uzun illərin ayrılığından sonra qarşı-qarşıya gəlmişdilər. Onu bağrına basdı, “xoş gəlmisən”, deyib mehriban üz göstərdi Nobat. Yemək-içmək öz yerində, axşam da bir çarpayıda baş-ayaq yatdılar.

Səhər iki ağ xalatlı qadın kəndin kənarlarındakı fermalara üz tutdular. Əsl antisanitariya, çobanlar, sağıcılar nə gündə yaşayır, mal-heyvan saxlayırlar. Yığdılar qadınları, onları başa saldılar ki, bütün xəstəliklərin mənbəyi natəmizlik, kirli həyat tərzidi.

Gündüz tarla düşərgəsində pambıqçı qadınlarla görüşdülər. Zərifə yenə sanitariya, gigiyena tədbirləri, traxoma, malariya xəstəlikləri barəsində danışdı:
-Sizin kənd susuz dəyirmana bənzəyir,-dedi- kəndin gözəlliyi, yaraşığı onun bağı-bağatıdır. Payızda çoxlu ağac, gül-çiçək əkin həyət-bacanızda... Yolların qırağında peyin, zir-zibil qalaqlanıb. Evlərin yanından keçirsən, pis qoxu dolur ağız-burnuna...

 Bəli, bundan sonar Zərifə xanımın gərgin əməyi nəticəsində traxoma göz xəstəliyi praktiki olaraq rayonda tamamilə aradan götürüldü. 
Respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq tələb olunurdu. Zərifə xanım da nursuz gözlərə işıq paylamaq, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda idi. Bu arzu onu Moskva şəhərinə aparır və Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. 

Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, bir az da dəqiq desək, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr edir. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa malik idi. Bu dövrdə Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.

Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Uğurlu tədqiqatların nəticələri Z.Ə.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.
Z.Ə.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Z.Ə.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Elə ilk gündən Z.Ə.Əliyeva ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bildi. 1977-ci ildə professor Z.Ə.Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Belə bir tədbir Bakıda ilk dəfə keçirilirdi və təbii ki, böyük təşkilatçılıq bacarığı və zəngin təcrübə tələb edirdi.

Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması barədə professor Z.Ə.Əliyevanın irəli sürdüyü təşəbbüsü bəyəndi. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı. Elmi araşdırmalar nəticəsində Z.Ə.Əliyeva bir neçə monoqrafiya, o cümlədən «Şin istehsalında gözün peşə patologiyası», «Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya», «Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası» monoqrafiyalarını çap etdirdi. Bu əsərlər dünyanın elmi ictimaiyyətinin etimadını qazandı. 

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.

1983-cü ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Z.Ə.Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur.
         
Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Ə.Əliyevanın daktriologiyadan bəhs edən – «Göz sulanmasının fiziologiyası», «Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi» monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib.

Zərifə xanım Əliyeva fundamental «Terapevtik oftalmologiya» kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır.

Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. O, «İridodiaqnostikanın əsasları» kimi nadir elmi əsərin müəlliflərindən biridir. Həmin kitab bu gün həkimlərin iş təcrübəsində əvəzolunmaz elmi vəsaitdir.

 Z.Ə.Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi «Oftalmologiyanın aktual məsələləri» monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün böyük əhəmiyyət kəsb edir.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Akademik Z.Ə.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi.

 Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır. 

Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb – ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi. Əbədiyaşar liderimiz  Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi. 

Təəssüf ki, müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi,  Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. Sarsıldı, həyatı qədər sevdiyi Zərifə xanımı itirdi, onun yoxluğu ilə heç cür barışa bilmədi. Qəlbində olan Azərbaycan sevgisi onu yaşatdı. Çünki O, Azərbaycan üçün lazım idi. Dərin bir uçuruma yuvarlanan Azərbaycanı ancaq o xilas edə bilərdi. Xilas etdi də. Qalan ömrünü odlar yurdunun rifahı naminə fəda etdi. Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmədi. Lakin həmişə onun ruhunu yanında hiss etdi, ondan güc-qüvvə aldı. 2003-cü il dekabrın 12-də Zərifə xanımın kədərli baxışlarına bir sevinc bəxş etdi. Enişli-yoxuşlu yollarda birgə addımladığı ömür-gün yoldaşına qovuşdu.

 İnsanların gözünə nur, qəlblərə fərəh, sevinc bəxş edən əsl həkim, alim, akademik Zərifə xanımın ruhunun sönməz işığı və onun əziz xatirəsi illər, əsrlər ötsə belə hər zaman xalqımızın qəlbində yaşayacaqdır.
Xoşbəxt AĞAYEVA, həkim-terapevt, Biləsuvar rayonu
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan