» » Vətəninə bağlı Bilal Əlizadə kimdir?


Vətəninə bağlı Bilal Əlizadə kimdir?


Bu gün, Biləsuvarda çoxlarının tanıdığı  Bilal Əlizadənin 90 yaşı tamam olur. "21 Azər" təşkilatının fəal üzvlərindən olan Əlizadələr ailəsi cənubi Azərbaycanda  milli azadlıq hərakatında məşəqqətlər görüb.

Mərhum publisist  Əlibala Rəhimov bir vaxtlar qələmə aldığı yazısında Bilal kişi və ailəsinin həyat hekayəsini aydın təqdim etməyə bacarıb. “Bilesuvarinfo” bu yazını oxucularına təqdim edir.

... Həyatda elə insanlar var ki, tarixin müəyyən dövrünü acı, gözlənilməz məşəqqətləri ilə üzbəüz qalır, öz həyat amalını gerçəkləşdirməkdən ötrü məhrumiyyətlər yaşayar. Siyasi hadisələrin burulğanı, ədavət və nifaq onu əzir, sındırmaq üçün fırtınalar yaradır. Beləsi bəlkə özü istəməsə də haqq-ədalət yolunda sinəsini sipər edənlərin tərəfində dayanır, rasional, keçilməz səddləri, qadağaları anlayıb dərk etmək istəyir.

O da lap uşaq yaşlarından hiss edirdi ki, çətindi, çox çətindi ayrı-seçkilik. Sən fars deyilsənsə, onda ona tabe olmalısan. Yadımdadı atası və anası məğrur və qururlu şəxsiyyətlər idi. Bütün məhrumiyyətlərə baxmayaraq güneyli - qüzeyli Azərbaycan həsrətliləri idilər. 1932-ci ildə Bakıda anadan olub sonradan nəslin ağsaqqallarının "Tudəçi" olmaları səbəbindən Güney Azərbaycana köçən Əlizadələr ailəsinin kiçik övladı Bilal və qardaşlarına "Azərbaycanlı uşağı" olmaları səbəbindən mədrəsə qapıları örtülü idi üzlərinə...

Düşünürdü: həmişə beləmi davam edəcək, heç olmasa öz dilimizdə təhsil ala bilmiyəcəyikmi?

60 ildir dostum olan Bilalın Güney Azərbaycan həyatı, yaşadığı məşəqqətləri danışdırmaq heç insafdan deyil. Gözlərində kədər, qəm oxunur, dərindən ah çəkir və hələ də ata - anası, uşaqlığı haqqında ürək sızıldadan məşəqqətləri qırıq - qırıq dilə gətirir. Bilal kişini həyatını çözələməmiş ötən əsrin tarixinin hələ solub-saralmayan vərəqlərini səbrlə, təmkinlə oxuyaq: 1943-cü il II Dünya savaşında faşist Almaniyasını məhv etməyə qarşı yönələn koalisiya başçılarının Tehran konfransı. Yekun sənədə görə böyük qələbədən sonra sovet qoşunları İrana daxil olub və pəhləvi rejiminə son qoyacaq. O zaman İrandakı 30 milyon azərbaycanlı xalq hərəkatına qalxdı, milli mənliyini, fars şovinizmindən yaxa qurtarmaq üçün birliyini dünyaya göstərmək istədi. İranın Təbriz, Ərdəbil, Urmiya və başqa vilayətlərində məşrutəçilərin etiraz dalğası bir - birini əvəzlədi. Tudə partiyası yarandı, "21 Azər" təşkilatı formalaşdı. Bizim Azərbaycanımızdan da oraya M. İbrahimov, S. Rüstəm, Ə.Tudə... kimlər, kimlər. Yeni həyatın bərqərar olmasında köməyə tələsdilər. İranda xalq hərəkatına Seyid Cəfər Pişəvəri rəhbərlik edirdi... Heyf ki, siyasi oyunlar məşrutəçilərin etiraz dalğasının geniş miqyas almasına imkan vermədi... 1945-ci ildə Azərbaycanın cənubunda qurulan Respublikanın fəallarından olan Əlizadələr bu respublikanın süqutundan sonra yenidən şimala - Bakıya sanki sürgün edilirlər. O zaman mövcud beynəlxalq münasibətlər güneydən qüzeyə "sürgün" edilən minlərlə həmyerlimizin də taleyini sual altında qoyurdu. Artıq Seyid Cəfər Pişəvəri hökuməti süquta uğramışdı. Sovet - İran münasibətləri yeni müstəvidə inkişaf edirdi. İosif Stalinin "Qoşunları cənubdan geri çəkin" tapşırığı hamı kimi Əlizadələri də çətin vəziyyətdə qoymuşdu. Atası qansız, əclaf fars ərbablarının təzyiqinə məruz qalan Bilal o günləri acı çəkə-çəkə xatırladır. Əlini yelləyir:

- Danışdırma məni qardaş... Əsarətdə yaşamaq, başqa millətdən olanın hikkəsinə boyun əymək bizlik deyildi - deyir, Bilal kişi. 1946-cı ildə Sovet qoşunları İrandan çıxdı. Yenidən Pəhləvi rejimi məşrutəçilərə divan tutdu. Azərbaycanlılar dar ağacından asıldı, sorğu-sualsız zindanlara salındı. O taylı vətən oğulları bu taya pənah gətirdilər. S. C. Pişəvəri, B.Azəroğlu, M.Gülgün, H.Billuri, S.Tahir və başqaları gəldilər Bakıya, Gəncəyə, Naxçıvana... S.C.Pişəvəri sonralar SSRİ Ali Sovetinə deputatlığa namizəd olarkən Xaldan yolunda avtoqəzaya salındı və onun ölümünün səbəbi hələ də sirdi, müəmmadı. Yaxın qohumlarının da qətlə yetirildiyi Cənub hadisələri Əlizadələri yenidən şimala Bakıya qaytardı. Böyük Azərbaycan sevdası yarımçıq qaldı.

Bəli, Biləsuvarda hamının yaxından tanıdığı Bilal Əlizadə (vətənsiz vətəndaş deyirdilər o zaman onlara) iki qardaşı və bacısı ilə məşrutəçi kimi üz tutdu bizim tərəflərə. Qaldı burda, özünə ailə qurdu, ev-eşik düzəltdi... Sanki məşhur "Əli və Nino" əsərinin qəhrəmanı Əlinin həyatını yaşayırdı Bilal. İnqilablar, müharibə, sürgün və daha nələr, nələr. Özü kimi həyat yoldaşıda əslən Bakıdan olan Zərifə xanımla ailə quran Bilal 1958-ci ildə yoldaşı və iki övladı ilə Bakıdan o zaman Puşkin adlandırılan indiki Biləsuvara pənah gətirdi. Sonradan Biləsuvarda dörd övladı dünyaya gələn Bilal səkkiz nəfərlik ailəsi ilə burada özünə yuva qura bildi. Artıq övlad qayğısı, tərbiyəli, nəsli kimi şücaətli övlad yetişdirmək əsas işi oldu onun. 40 ilə yaxın idi ki, Puşkin avtobazasında sürücü işləyirdi. İndi qocalıqla qol-boyundu, övladlar, nəvələr sağ-solundadır, baba kimi hörmətini saxlayırlar onun. Qələmlə həmsöhbətimsə qoy onun portret cizgilərini bir az ətraflı, əhatəli canlandırım.

O, avtobazada sürücü, mən isə dispetçer işləyirdim. Vaxt imkan verəndə çayxana söhbətlərimiz mənim üçün maraqlı olurdu. O taylı həyatı, bir gecənin qaranlığında anası ilə sərhəddi keçməsi, burda uzaqlara çıxıb rus evində yaşaması, sözün əsl mənasında öz doğma elində vətənsiz vətəndaşlığı ürək sızıltıları, yaddaşıma əbədi yazılan həyat gerçəklikləri sözlə ifadə olunmayan əfsanədi, nağıldı sanki...

Həmişə mənə xahiş edərdi ki, ona Salyan, Əli Bayramlı (Şirvan şəhəri) istiqamətlərinə putyovka verim. Niyə? O tərəflərdə kimi vardı? Özü açdı danışdı dərdini. Demə Şirvana gedib, İrandan bura onunla gələn Rübabə, Maxruq Muradovaların atası ilə görüşürmüş, ötən keşməkeşli günləri xatırlayırmışlar. Bütün şüurlu həyatını Azərbaycan xalqının bütövlüyü üçün həsr etmiş Əlizadələrin sonbeşiyi Bilal ömür payının 83-cü baharını artıq geridə qoyub. Allah adamıdı, oruc tutur, namaz qılır, tanıdığım qədər ömrü boyu spirtli içkilərdən, şər-böhtan əməllərdən uzaq olub.

Atalarımız demiş, "Ot kökü üstə bitər...". Bəli, Bilal örnək vətənsevərliyi ilə elə bir iz qoydu ki, bu kökdən yalnız qəhrəmanlar, vətən, torpaq fədailəri doğula bilərdi... Bilal kişinin oğul nəvəsi gizir Şahmurad Əlizadə kimi...  cəbhə bölgəsinin ön xəttində döyüş postunda xidməti vəzifəsini yerinə yetirərkən düşmənin qəfil hücumunu məruz qalaraq, igidliklə şəhid oldu gizir Şahmurad. Onun da məqsədi, arzu istəyi eyni idi, babası ilə... İşğal altında görmək istəmirdi Azərbaycan torpaqlarını, yaralı yeri idi bu mənzərə, elə ön xəttə onu aparan da bu hisslər, bu ağrı idi-qisas... Bu zirvəyə yüksəlməklə, ŞAHMURAD muradına çatdı. Kökdən gələn Vətən sevgisini, bütöv Azərbaycana olan məhəbbətini canının, qanının bahasına sübut etdi.

Əslində bu nəsil haqqında,  Bilal kişinin məşəqqətli ömür yolundan yazdığımız bu yazı onun həyat silsiləsindən bir neçə vərəqidir. Nə esse, nə oçerk, nə də ki, elə bir kitab özü bu vətən sevdalısının, milli birlik, bütöv Azərbaycan uğrunda çalışmış Bilal Əlizadənin və onun nəslinin əzablı və örnək həyatını əhatə edə bilməz...

Sonda qeyd edim ki, şəhid nəvəsi dəfn olunarkən bu ahıl yaşında, qururla "Vətənə borcunu verdi nəvəm" - deyən, Bilal Əlizadə kimi kişilik məktəbi olan vətəndaşalara çox ehtiyacımız olacaq hələ.
Davamı olacaq...
 
Əlibala Rəhimov, publisist,
"Qızıl qələm" mükafatçısı
Ədalət qəzeti”, 25 noyabır, 2016.

P.S:  Heç şübhəsiz ki, 8 övladı, 21 nəvəsi, 17 nəticəsi olan Bilal Əlizadənin nəslinin davamçıları da vətəninə, dövlətinə, xalqına  bağlı vətəndaşlar olmalı idi. Təsadüfi deyil ki, böyük nəvəsi Kamil Qurbanlı 20 il dövlət qulluğunda çalışıb. Bu gün hakim partiya olan Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının sədridir.  Nəvəsi Murad Əlizadə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitidir. Digər nəvəsi Ülviyyə Quliyeva Dövlət Gömrük Komitəsinin zabitidir. Nəvələrdən 3-ü  təhsil, 2-si biznes sahəsində çalışır. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR