» » Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan biləsuvarlı qəhrəmanların xatirəsi ehtiramla anılıb


Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan biləsuvarlı qəhrəmanların xatirəsi ehtiramla anılıb


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
Biləsuvar rayonunda 13 oktyabr 2021-ci il tarixində  Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Şahmarlı Elvin Malik oğlunun,Talıblı Asif Arif oğlunun və Qəniyev Cahid Şaiq   oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  şəhidlərin ata ocağını ziyarət edərək onların valideynləri ilə görüşüblər. Mərasimlərdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  şəhid Elvin Şahmarlının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilmiş “Suqovuşanın azad olunmasına görə” medalını onun valideyninə təqdim etdi. Tədbir zamanı qəhrəman şəhidlərimizin məzarları ziyarət olunaraq, yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı olmuşdur.

Şahmarlı Elvin Malik oğlu - 15 fevral 2002-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Əliabad kənd tam orta məktəbində orta təhsilini almışdır.
Elvin Şahmarlı 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdı.O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, 12 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elvin Şahmarlı 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Elvin Şahmarlı ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və  "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Talıblı Asif Arif oğlu-  1993-cü il aprelin 26-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub.Asif 2013-cü ildən Daxili Qoşunların sıralarında xidmət edirdi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edərək Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Qəhrəman əsgərimiz  oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Asif Talıblı ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Qəniyev Cahid Şaiq oğlu- 1994-cü il fevralın 18-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Cahid Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Cahid Qəniyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. O, 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd qəbristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Cahid Qəniyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və  "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan