
“Bilesuvarinfo” xəbər verir ki, layihənin yekunlaşdırılmasına həsr olunan görüşdə layihə rəhbəri Pərvin İsgəndərova bildirmişdir ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilib. Layihənin tərəfdaşı - VİTA İB-nin sədri Asif Orujlu Biləsuvarda ekofəallığın artmasının və müxtəlif resursların bölgədə və eləcə də bütün ölkə ərazisində ətraf mühitin qorunması üçün səfərbər edilməsinin önəmini vurğulayıb. VİTA İB-nin idarə heyətinin üzvü Fərid Rustamzadə iqtisadi səmərəliliyin təmin edilməsi üçün “yaşıl iqtisadiyyat” prinsiplərinin bölgələrdə də tətbiqinin və eyni zamanda ətraf mühitin qorunması sahəsində dövlət tənzimlənməsinin vacibliyindən danışıb.

Təlimlərdən öncə və sonra qiymətləndirmə sorğusu keçirilib, fəal iştirak edən gənclər rəsmi sertifikatla təltif edilib. İştirakçılar arasından seçilmiş gənc fəallardan ibarət “Bolqarçay” Ekoloji Klubu yaradılıb. (bu klub təbiətin, çevrənin və ekosistemin qorunması üçün çalışan sosial təşəbbüsdür.)
Qeyd edək ki, sözügedən layihənin həyata keçirilməsinə təşkilati dəstək VİTA ictimai birliyi, Biləsuvar Gənclər evi, Biləsuvar Gənclərinin İnkişaf və Karyera Mərkəzi və eləcə də Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən göstərilib. Layihə çərçivəsində Biləsuvar şəhərində məktəbli yeniyetmə və gənclərlə 3 görüş və 1 intensiv təlim keçirilib.

