» » Faiq Qürbətov Novruz bayramı münasibətilə biləsuvarlıları təbrik edib


Faiq Qürbətov Novruz bayramı münasibətilə biləsuvarlıları təbrik edib

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Novruz bayramı münasibətilə rayon əhalisinə təbrik ünvanlayıb.

“Bilesuvarinfo” xəbər verir ki, təbrik mətində deyilir:

- Əziz biləsuvarlılar, Sizi milli ənənələrimizin, yeniliyin və təravətin simvolu olan Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, uzun ömür, səadət, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.
Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir.

Azərbaycanda Novruz bayramı həm də Bahar bayramı kimi qeyd olunur. Novruzla yanaşı, baharın da adı qoşa çəkilir, qoşa vurğulanır. Xalqımızın Novruzu, yurdumuzun baharı qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir. Əsrlər boyu yaşatdığımız, hər il olduğu kimi, bu il də bahar gəlib təbiət oyananda sevinclə pişvazına çıxdığımız əziz bayramı xoş sözlər və adət-ənənələrlə qarşılayırıq.

Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramında adət və ənənələrə görə, baharın gəlişi yurdumuzda əsl toy-düyünə çevrilir, el şənlikləri bir-birinin ardınca sıraya düzülür, obadan-obaya, evdən-evə, qohumdan-qohuma, qonşudan-qonşuya pay-püş göndərilir, küsülülər barışır, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açır, süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Təbii ki, bu hal da süfrədən gü-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır.

Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Birliyin, bərabərliyin, qardaşlığın, bolluğun bayramı olan Novruzunuz bərəkətli olsun. Qədəmləriniz uğurlu, könül oxşayacaq sevincli günləriniz bol olsun. Hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, bir daha səadət, firavanlıq, cansağlığı arzu edir, hər kəsə bir əvvəlkindən daha gözəl və xoşbəxt bir bayram diləyirik. Yurdumuza ayaq basmış, Bahar bayramınızı təbrik edirik. Novruz Bayramınız Mübarək olsun!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR