Sürücülərin nəzərinə !...“Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında » Yerli İnformasiya Agentliyi
» » Sürücülərin nəzərinə !...“Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

Sürücülərin nəzərinə !...“Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında


“Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 269-VIQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 aprel tarixli 1311 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
3. Bu Qərar dərc edildiyi tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 yanvar 2023-cü il
№ 18 



Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi 

QAYDASI

1. Ümumi müddəa

Bu Qayda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın VII hissəsinin 3-cü bəndinə uyğun olaraq hazırlanmışdır və nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasını müəyyən edir.
 
2. Əsas anlayışlar

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. nəqliyyat vasitələri – minik və yük avtomobilləri, həmçinin avtobuslar, mikroavtobuslar, trolleybuslar və tramvaylar;
2.1.2. örtük – jalüz, pərdə və ya plyonka;
2.1.3. jalüz – öz oxu ətrafında hərəkət edən şaquli və ya üfüqi lövhələrdən ibarət olan və yaxud xüsusi mexanizmin köməyi ilə açılıbbağlanan aksesuar;
2.1.4. pərdə – perimetr boyu plastik və ya metal elementə bərkidilmiş parça materiallı aksesuardır. Pərdə yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıb-bağlanan da ola bilər;
2.1.5. plyonka – işıqburaxma qabiliyyətinə malik, daxildən görüntünü təmin edən və bir tərəfi şüşəyə çəkilməsi üçün xüsusi yapışqan səthə malik materialdır.
 
3. Şüşələrə örtüklərin çəkilməsinin şərtləri

3.1. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.
3.2. Nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:
3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;
3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.
 3.3. Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə yol verilmir.
3.4. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.
3.5. Plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır.
3.6. Örtüklərin torşəkilli olmasına yol verilir.
3.7. Örtüklərin çəkilməsi (quraşdırılması) zamanı yol hərəkəti iştirakçılarına xəsarət yetirə və hərəkət üçün təhlükə yarada bilən amillərə yol verilməməlidir.

4. Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasına əməl edilməsinə nəzarət

Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan