» » » Şəhidlərin orden və medalları ailələrinə təqdim olunub


Şəhidlərin orden və medalları ailələrinə təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçuları təltif edilib.

"Bilesuvarinfo"nun
məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə təltif olunan şəhidlərimizin orden və medallarının ailələrinə təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.

Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Nağı Cəfərov, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz şücaətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad edib. Bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Biz xalqımıza bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq.Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Çıxış edənlər bildirdilər ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.

Sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə 16 şəhidin təltifləri ailələrinə təqdim olunub.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan