
“Bilesuvarinfo” xəbər verir ki, rayonda əhalinin təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək məqsədilə cari ildə görülən işlər barədə Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən cari ildə rayonda görülən işlər haqqında açıqlamada vurğulanmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2022 - ci ildə də rayonun yeni yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmiş, kəmərlərin etibarlı və təhlükəsiz istismarını təmin etmək, eləcə də qaz itkisinin azaldılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Biləsuvar Xidmət Sahəsinin il ərzində gördüyü əsas işlərdən biri də həm qaz itkisinin qarşısının alınmasında, həm də təhlükəsizlik baxımından önəmli olan qaz sızmalarının aşkar edilməsi olmuşdur. Bu dövrdə qaz xətlərində 6729 sayda sızma aşkarlanaraq aradan qaldırılmışdır.Həmçinin 2105 ədəd sayğaca və ətraf birləşmələrinə keçirilmiş texniki baxış zamanı 182 sızma aşkarlanaraq qarşısı alınmışdır. 2022-ci ildə qaz xətlərinin dayaqlarının bərkidilməsi və çürüməsinin qarşısının alınması məqsədilə rayonun Səmədabad, Ağayrı, Əliabad, Çaylı, Aranlı və Nərimankənd kəndlərində dayaqlardan aşmış 57 və 108 mm diametrli 255 metr uzunluğunda küçə qaz xətləri təmir olunaraq yenidən dayaq üzərinə qaldırılmışdır.
Cari ilin sonlarında Biləsuvar şəhərinin “Təyyarə meydanı” adlanan hissəsində 170 abonent, “Aqrolizinq” adlanan hissəsində 50 abonent və “PMK-19” adlanan yaşayış məntəqəsində 25 abonent olmaqla ümumilikdə 245 abonent mavi yanacaqla təmin edilişdir. Bu zaman idarə tərəfindən 13021 metr uzunluğunda müxtəlif diametrli küçə xətləri çəkilərək əraziyə 2 ədəd tənzimləyici quraşdırılmışdır. Rayonun Xırmandalı, Zəhmətabad və Bəydili kəndlərinin yeni yaşayış massivlərinə ümumi uzunluğu 3300 metr olan 76 və 57 mm-lik borular vasitəsilə küçə qaz xətləri çəkilərək sakinlər təbii qazla təmin edilmişdir.
