Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu » Yerli İnformasiya Agentliyi
» » Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu

Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu

Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı “Əsgərə Xatirə” layihəsi komandasının dəstəyi ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində rayonda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani, “Əsgərə Xatirə” layihəsinin rəhbəri Nuranə xanım Şıxəliyeva, “Əsgərə Xatirə” layihəsinin fəxri üzvü, xeyriyyəçi-sahibkar  Əliş Hüseynov və bir qrup şəhid valideynləri iştirak etdi.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi böyük şücaət və yüksək döyüş hazırlığı nəticəsində torpaqlarımız işğaldan, düşmən tapdağından azad olundu. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin  borcudur.Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaqdır. 

İcra başçısı nəcib aksiyaya verdikləri dəstəyə görə qonaqlara təşəkkür edib.

Çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bildirib ki,  2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.  Bu gün gənc nəslin yetişməsində bu qələbəni yazan qəhrəmanlarımızın həyatı örnək olmalı və bu sahədə vətənpərvərlik tədbirləri vaxtaşırı olaraq təşkil edilməlidir.

Şəhid valideynləri övladlarının qəhrəmanlığından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini qeyd edərək, onlara göstərilən qayğıdan razılıqlarını bildirmişlər.

“Əsgərə Xatirə” layihəsinin komandası rayonda göstərdikləri yüksək fəaliyyətə görə Biləsuvar rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub.

Layihə çərçivəsində qonaqlar Vətən müharibəsi şəhidlərinin ailələrinə bayram  sovqatları çatdırıblar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan