» » Şanlı zəfərimizin başlanğıc tarixi


Şanlı zəfərimizin başlanğıc tarixi

 Bu il xalqımız Azərbaycan tarixinin ən şərəfli günlərindən biri və parlaq qələbəmizə gedən yolun başlanğıcı olan 27 sentyabr – Vətən müharibəsinin başlandığı günün ikinci ildönümünü qeyd edir. 

27 sentyabr 2020-ci il tarixdə Ermənistan cəbhə xəttində genişmiqyaslı hərbi təxribatlara başladı və düşmənin hərbi təxribatının qarşısının alınması üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu əks hücum əməliyyatlarına başladı, cəmi 44 gün ərzində düşmən qüdrətli ordumuzun qarşısında diz çökdü. 30 il düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı. Xalqın Ali Baş Komandanın ətrafında birləşməsi, azərbaycanlıların doğma torpaqlarına bağlılığı və bu millətin vətənpərvərlik duyğuları, hətta Ermənistana siyasi-hərbi dəstək ifadə edən bəlli ölkələri də mat vəziyyətə salmışdı. 
          Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu həllinə çalışmışdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Bu dövrdə yalnız tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərmədi. Düzdür, müharibə bizim seçimimiz deyildi, biz tarixən və 27 sentyabra qədər, eləcə də işğala, təcavüzə, haqsızlığıa, ədalətsizliyə məruz qalan tərəf olsaq da, daim sülh mövqeyindən çıxış edir, daim sülhdən, barışdan yana idik. Amma gözlərini qan bürümüş, qanla bəslənmiş ermənilər və onların faşist, təxribatçı rəhbərləri üzündən müharibə, hərb yolunu seçdik. 
          Vətən müharibəsi Qələbəsi təkcə işğal altında olan  torpaqların azad edilməsi deyil,  millətin dirçəlişi, oyanışı, özünə qayıdışının mənəvi simvolu oldu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan  Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Çünki Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala və bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın. 44 günlük şanlı Vətən müharibəsində Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün Prezident İlham Əliyevin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdu. Mədəniyyət paytaxtımız Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistanın hərbi siyasi rəhbərliyi müqavimət göstərməyin mənasız olduğunu anladı. 10 noyabr 2020-ci ildə atəşkəsin elan olunması barədə üçtərəfli Bəyannamə imzalandı və bununla da Ermənistan kapitulyasiya aktına imza atmış oldu. Əldə etdiyimiz bu Qələbə Azərbaycanın tarixinə yazılacaq ən şanlı hadisə oldu.  Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı beynəlxalq hüququ və ədaləti bərpa etdi. Eyni zamanda, şanlı Ordumuz döyüş meydanında işğalçı Ermənistanı böyük itkilərə məruz qoyaraq düşmənin çoxlu sayda hərbi texnikasını qənimət kimi ələ keçirdi, öz gücünü bütün dünyaya göstərdi.
          Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır.  Artıq 2 ildir bu gün  “Anım günü”  kimi qeyd olunur.
          Torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Allah cəmi Şəhidlərimizin məkanlarını cənnətlik, ali məqamlarını uca etsin, yaralı və Qazilərimizə kömək olsun, tezliklə sağlamlıqlarına qovuşdursun.

Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı 



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan