» » Azərbaycan dilinin möhtəşəm çağları - Fransız dili ilə müqayisə edirdilər


Azərbaycan dilinin möhtəşəm çağları - Fransız dili ilə müqayisə edirdilər

Məşhur rus şair Lermontovun duelə qədərki ömründə bir neçə dəfə bəxti gətirib, məsələn, o, Qafqaza sürgün olunanda Azərbaycan qan çanağı idi, Rusiya İmperiyasına qarşı üsyanlar gedirdi. Lermontovun Azərbaycana, daha dəqiq desək, Qusara sürgün olunmasının səbəbi də bu idi. O, sürgününü ağır yerdə, müharibə şəraitində keçirməli, çox güman ki, azından yaralanmalı, yaxud ölməli idi. Nəqliyyatın zəif inkişaf etdiyi vaxtlar olduğundan Lermontov Rusiyanın mərkəzlərindən Qafqaza çatana qədər rus ordusu üsyanları yatırır, Qusar olur cənnət.

Şair də yaxşı yerindən yeyib “Ləzgi qızı” adlı şeir yazıb, sonda qəlyanqabını, mürəkkəbqabını da Qusarda qoyub (muzeydədir) qayıdır Rusiyaya.

Lermontovun Qusardakı izlərində iki diqqətçəkən məqam var:

Birincisi odur ki, onun Qusarda yaşadığı ev hazırda fərdidir. Evin yalnız çöl divarına barelyef vurulub və şairin filanıncı illərdə burada yaşadığı qeyd olunub. Lakin həmin ev nə muzeydir, nə də o evdə Lermontovdan əsər-əlamət var.

Sözüm bunda deyil.

İkincisi də odur ki...

İkincisi daha maraqlıdır və şəxsən bu məqamı oxuyanda qürurdan sinəm qabarmışdı.

Yuri Lermontovun dostu Rayevskiyə Qusardan yazdığı məktubda belə bir cümlə var:

Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda, ümumən Asiyada Azərbaycan dilini bilmək də bir o qədər əhəmiyyətlidir”.

XIX əsrdə Azərbaycan dilinin Qafqazda, Asiyada belə hakim olmasını bizim şair yox, Lermontov deyirdi. Bizimki olsaydı, bəlkə də öz dilinə olan eşqi, pafosu onu məsələni şişitməyə tətikləyərdi. Lermontovun bu fikirdə olması, Azərbaycan dili haqqında həmin miqyasda fikir qələmə alması olduqca qürurverici və düşündürücüdür.

Tiflisdə Axundovun ev muzeyini gəzərkən isə daha bir analoji fikirlə rastlaşdım. Divarda rus yazıçı, inqilabçı Aleksandr Bestujev-Marlinskinin şəkli və Azərbaycan dili haqqında dostuna yazdığı məktubdan bir cümlə yer almışdı:

Fransız dilini bilərək bütün Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, Azərbaycan dilini bilməklə bütün Qafqazı gəzmək olar”.

Bestujev də dekabrist kimi həbs olunaraq bura – Qafqaza sürgün edilmişdi. O, vuruşmalı olduğu adamlarla dostlaşmışdı – İsgəndər ləqəbi ilə dərbəndlilərin sevimlisi olmuşdu. Gündüzlər yoxlama olur deyə üsyançılarla atışır, vuruşur, gecələr elə həmin adamlarla ova çıxırdı. Marlinski gündüz adam, gecə heyvan öldürdüyü bu meşələrlə vidalaşanda deyir:

Qafqaza dinclik verin və Yer üzünün cənnətini Fərat sahillərində axtarmayın: O, buradadır!

Həmin zamanlar rus, fars, osmanlı işğalları altında olan bir xalqın ərsəyə elə bir dil çıxarması bir az da möcüzəvi hadisədir.

Məhz həmin dil sözügedən əsrdə Mirzə Şəfi Vazehi, Abbasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, Seyid Əzim Şirvanini, Hüseyn Cavidi və başqa dahiləri yetişdirdi. Təbii, həmin dahilər də dilə borclarını qaytardı.
Osmanlı İmperiyasında rəsmi saray dili kimi, demək olar ki, ərəb-fars dillərindən istifadə olunurdu. Buna görə də Osmanlı türkcəsi ilə müqayisədə Azərbaycan dili daha güclü təşəkkül tapmışdı. Məsələn, XX əsrin əvvəllərində Osmanlı türkcəsi birə-bir Azərbaycan dilinə yaxın idi. Atatürkün dəfnindən qalma qədim reportajlara baxanda dilin Azərbaycan dili ilə nə qədər üst-üstə düşdüyünün bir daha şahidi oluruq.

XVI, XVII, XVIII əsrlərdən regionun, demək olar, dominant dili olan Azərbaycan dili Rusiya işğalı artdıqca gücünü itirdi. SSRİ dönəmində dilin orqanik inkişafı, yayımı süni şəkildə saxlandı, xalqların dilləri lokallaşdırılaraq rus dili istisna, başqa heç bir lisanın bir toplumu aşmasına imkan verilmədi.

Azərbaycan dilinin şöhrətinin azalması təhsil, mədəniyyət və b. vacib sahələrdə zəif inkişafdan irəli gəlirsə də, bu işdə dövlətlə yanaşı ictimaiyyətin də təqsiri az deyil.

Dilimizin kəsərinin azalmasına səbəblərdən biri də özümüzün Azərbaycanı, dilimizi, mədəniyyətimizi küçümsəməyimizdir. Beynəlxalq meqa piar layihələrə aldananda öz mədəniyyətimizi dünyada önəmli taxcalara yerləşdirməyə əlimiz gəlmir.

Fərdimizi tənqid etmək fikrinə düşməsək də, cəmiyyət, ölkə, mentalitet, xalq haqqında ümumiləşdirilmiş tənqidlər deyirik və bu tənqidlər kənardan səslənəndə də ikiəlli razılaşırıq. Xüsusən də xarici mediada Azərbaycan haqqında tənqidi material hazırlandıqda bəh-bəhlə baxıb paylaşırıq.

Şeyx Cəmaləddin Əfqani deyir ki, millətini sevməlisən və onu digər millətlərdən üstün tutmalısan.
O bu fikri təbii ki, milliyyətçilik, irqçilik müstəvisində demir. Əfqaninin demək istədiyi odur ki, sənin millətin sevilməli toplum deyilsə, sən təklikdə nəyəsə nail olmayacaqsan. Söykəndiyin yer möhkəm deyilsə, yolun ikiaddımlıq olur.

Bir neçə gün əvvəl Aqşin Yeniseyin “dilin məsuliyyəti” ilə bağlı yazısını oxudum və bu termin, terminin genişləndirdiyi üfüq Azərbaycan dili mövzusunu, məsələnin potensialını gündəmə gətirmək üçün ciddi səbəblərdəndir.

Bakıdakı görüşdə Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Qasım Comərd Tokayevlə azərbaycanca danışması, həmkarının da ona qazaxca cavab verməsi Azərbaycan dilinin (türk dillərinin) arealının heç də az olmadığını bir daha sübut etdi.

Təbii ki, dil o zaman təşəkkül tapır, sərhədlər aşır ki, o dildə sanballı sərəncamlar, hökmlü əmrlər verilir, o dildə peşəkar icra işi görülür, o dildə sevgililər xoşbəxt-xoşbəxt pıçıldaşa bilir.

Dil o zaman təşəkkül tapır ki, insanlar qoluna verdikləri enerjini dilinə ötürə bilir.

Və dil həm də o zaman təşəkkül tapır ki, lazım gələndə həmin dildə toplum olaraq susmağı da bacarasan.

Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR