» » Laçın havası - İmdad Əlizadə yazır


Laçın havası - İmdad Əlizadə yazır


Avqustun 26-da tarixi gün yaşadıq. Laçın şəhərinin azadlığına qovuşması Azərbaycan dövlətinin, xalqının tarixinə QIZIL HƏRFLƏRLƏ yazılan gün oldu.

30 ildir bunu gözləyirdi laçınlılar, bütün xalqımız.

Dualarımız Tanrı dərgahında qəbul olunub, artıq yurdumuz azaddır.

Arzu, dilək idi Laçına qovuşmaq. O gözəl yerləri yenidən görmək gerçək oldu.

Yuxu kimi gəlir adama, amma reallıqdır, Laçın azaddır!

Məcburi köçkünlər didərginlik dövründə o yerləri çox görüblər yuxularında, xəyalən gəzib-dolanıblar. İndi isə yurdumuz azaddır, gedirik, ziyarət edirik, ruhumuz dincəlir.


Laçının Azərbaycan Ordusunun nəzarətinə keçməsi bilirsiniz, nə deməkdir? Bu, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə axan erməni separatçılığının, terrorçuluq ideologiyasının şah damarının kəsilməsidir. Hələ XX əsrin əvvəllərində Sultan bəy və silahdaşları bu gün haqqında çox danışılan həmin Zabux dərəsində Andranikin (Andranik Ozanyan 1918-ci il Zəngəzurda və Qarabağda azərbaycanlılara qarşı soyqırımı törədən dəstələrdən birinin başçısı olub) dəstələrini darmadağın edib, onların Qarabağa keçməsinə imkan verməyib. Ermənilər 100 ildən çoxdur Laçından keçib Qarabağa soxulmaq istəyirdilər. Təəssüf ki, 1992-ci ildə buna nail oldular. İndi isə ermənilərin Ermənistandan Qarabağa uzanan biləyini kəsdik. Artıq separatçılar, terrorçular əllərini-qollarını sallaya-sallaya, sərbəst şəkildə Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedib-gələ bilməyəcəklər.

44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin məntiqi davamı, növbəti və mühüm mərhələsidir Laçının yadelli qəsbkarlardan təmizlənməsi...

İndi Laçın azad Şuşaya, Qubadlıya, Kəlbəcərə möhkəm dayaqdır. Sarıbaba, Qırxqız çiyin-çiyinə verib düşmənin qarşısında mərdanə dayanıb.
Laçına qayıtmağımız bizi Xankəndiyə, Xocalıya, Ağdərəyə bir az da yaxınlaşdırdı. Qarabağdakı erməni separatçılarının tör-töküntüləri gecələr rahat yata bilməyəcəklər. Elə onların havadarları da. Separatçılıq nəfəsliklərini möhkəm bağlamışıq, boğulurlar, çabalayırlar.
Bizim Laçına qayıtmağımızla Azərbaycan xəritəsinin bütövləşməsi istiqamətində çox böyük addım atıldı. Azərbaycan bütövləşir, bizim isə təkcə Vətən həsrətimizə son qoyulmur, həm də natamamlıq, yarımçıqlıq kompleksindən qurtuluruq. Məcburi köçkünlük kimi ağır ad üstümüzdən, didərginlik kimi ağır yük çiyinlərimizdən götürülür.

El köç üstədi, böyük sevinclə müqəddəs səfərə hazırlaşır laçınlılar, tərəddüdsüz, heç nədən qorxmadan, çəkinmədən, arxayın şəkildə, inam və imanla. Dövlətə arxayındırlar, Ali Baş Komandan İlham Əliyevə, orduya güvənirlər, bir daha darda qalmayacaqlarını bilirlər.
Laçına dönüşlə bağlı xüsusi təbliğata da ehtiyac yoxdur, internet əsridir, insanlar çox mətləblərdən xəbərdardırlar. Azərbaycan Ordusunun düşməni diz çökdürdüyünü, erməni faşizminə öldürücü zərbə vurduğunu bilirlər. Eyni zamanda ordumuzun gücündən, döyüş qabiliyyətindən agahdırlar. Qayıdışı asanlaşdıran, insanları arxayın edən bu amillərdir.
Laçınlılar 30 ildir didərginlik həyatı yaşayırlar. Bu illər ərzində bir an olsun belə Laçını unutmamışıq, ümidlə bu günü gözləmişik. And yerimiz, qibləgahımız olub Laçın.

30 il tarix üçün dəryada damcı, insan ömrü baxımından böyük zamandır. Kimsə iddia edə bilər, ara-sıra özüm də rast gəlirəm belə fikirlərə: “Yox, əşi, bundan sonra kimdir geri qayıdan!?” Bu, kökündən səhv yanaşmadır, fikirdir. Əslində, heç fikir də deyil. İnsanların torpaq, Vətən həsrətindən dodaqları cadar-cadar olub, belləri bükülüb, dizləri taqətdən düşüb. İndi kim iddia edə bilər ki, o insanlar Laçına, Şuşaya, Kəlbəcərə, Ağdama, Qubadlıya, Cəbrayıla, Zəngilana, Füzuliyə qayıtmayacaq? Bunu söyləmək heç insafdan da deyil.

Harada məskunlaşmısınız?
Pənah apardığınız yerdə şərait necədir?
Görən elə ömrümüz belə keçəcək?
Biz o yerləri bir də görə biləcəyik?

28 il laçınlılar toyda, yasda, küçədə bir-biri ilə rastlaşanda, telefonla danışanda hal-əhval tutandan sonra bunları soruşardılar. Qəhər boğardı, kəlmələr boğazda düyünlənərdi, qadın-uşaq bir yana, dağ boyda kişilərin göz yaşı sel olardı Vətəni - Laçını xatırlayanda, dağ vüqarlı o yerlərdən danışanda.

2020-ci ilin payızından çox şey dəyişib. Elə laçınlıların bir-birinə verdikləri suallar da.

Nə vaxt qayıdırıq?
Köç nə zamandır?
Laçının hansı kəndini birinci bərpa edəcəklər?

İndi laçınlıların sualları belədir.

Cavab isə ən ali instansiyadan gəldi. Ali Baş Komandan İlham Əliyev verdi müjdəni, ən xoş xəbəri yenə o çatdırdı və laçınlılar arasında ildırım sürəti ilə yayıldı: “Laçınlılar, hazırlaşın, yurda dönürsünüz”. Əminliklə söyləyirəm: Laçının azad olunması və qayıdışla bağlı müjdə hər bir laçınlının həyatında eşidə biləcəyi ən gözəl, ən möhtəşəm və ən ali xəbərdir. Bundan sonra belə, insanı göylərə uçuran, tüklərini biz-biz edən ikinci müjdə olmayacaq. Vaxt gələcək laçınlılar bu xəbəri harada və kimdən eşitdiklərini ən xoş xatirə, gerçəyə çevrilən yuxu, nağıl kimi nəvə-nəticələrinə danışacaqlar.

Laçının azad olunması və oraya qayıdışın iki mühüm tərəfi də var:
- Laçın Azərbaycan torpağıdır və azərbaycanlılar o yerlərdə min illərdir yaşayıblar və min illərlə də yaşayacaqlar.
- Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində apardığı qanunsuz məskunlaşdırma siyasəti iflasa uğradı. Ermənilərin Zabuxda tikdikləri evlərdə yaşayan erməni ailələrinin köçürülməsi tarixi dərsdir. Azərbaycan bütün dünyaya göstərdi ki, öz ərazisində qanunsuz fəaliyyətə imkan verməyəcək.

İmdad Əlizadə - REPORT


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan