"Qarabağ Azərbaycandır!" mövzusunda, qalan bütün digər məsələlər yalnız təfərüfatdır » Yerli İnformasiya Agentliyi
» » "Qarabağ Azərbaycandır!" mövzusunda, qalan bütün digər məsələlər yalnız təfərüfatdır

"Qarabağ Azərbaycandır!" mövzusunda, qalan bütün digər məsələlər yalnız təfərüfatdır

 
Bütün zamanlar üçün hər bir dövlətin nüfuzunun mühüm şərti onun iqtisadi-siyasi gücü ilə yanaşı, həm də ordusu və silahlı qüvvələrinin qüdrətidir. Bu gün də belədir və sabah da belə olacaq. Güc amili siyasi proseslərin ayrılmaz tərkib hissəsidir. Təsadüfi deyil ki, müharibələr haqqında nəzəri biliklərlə bağlı ədəbiyyatlarda qeyd edilir ki, : - “Müharibə siyasətin bu və ya digər  yolla, yaxud güc  vasitəsilə davamıdır”. 

Heç şübhəsiz ki,  haqqın, hüququn, ədalətin  bərpasına yönələn siyasi  gedişlərin  məntiqi davamı olan müharibələr olduğu kimi, şərə, nifaqa, düşmənçiliyin yaranmasına “xidmət edən”, dünyada sülhə, əməkdaşlığa, mehriban qonşuluğa əngəl  törədən  müharibələr də var. 30 il öncə torpaqlarımızın işğala məruz  qalması, 100 minlərlə  soydaşımızın öz doğma yurdlarından məcburi  köçürülməsi, eləcə də ötən əsrin 80-ci illərinin  sonunda  Ermənistandan azərbaycanlıların  qovularaq qaçqın vəziyyətinə salınması ədalətsiz, mənfur  siyasətin və bu siyasətin  davamı olan  haqsız müharibənin  nəticəsi idi. Burada digər məqam isə ermənilərin bu siyasəti və hərbi müdaxiləni öz gücləri hesabına deyil, ayrı-ayrı dövlətlərin gücü, hərbi siyasi dəstəyi ilə həyata keçirmələri idi. Nəticə etibarilə, başqasının səyi, gücü və hərbi qüdrəti hesabına qonşu ərazisinə, torpaqlarına göz tikən, zəbt etdiyi ərazilərdə ötən müddət ərzində bir daşı belə daş üstə qoymayan, heç bu imkanda olmayan Ermənistan dövləti rəzil günə düşdü. Beynəlxalq güclərin, ayrı-ayrı dövlətlərin “siyasi oyuncağı”, əlaltısı olduqlarını və nəhayət üzlərinə qapılarını taybatay açan, humanist, qonşuya, dosta canını fəda etməyə hazır olan azərbaycanlılara qarşı çıxmağın bədəlini ödəməli olduqlarını özləri də yaşadılar, gördülər.
Ermənilərdən fərqli olaraq, Azərbaycanın haqq davası, öz qüdrətinə, nüfuzuna, siyasi iradəsinə, xalqla dövlətin vahidliyinə əsaslanan, cəmi 44 gün çəkən müharibə isə həm də haqlı, dürüst və məntiqli siyasətin güc yolu ilə davamı idi. Müharibəmiz də siyasətimiz kimi ədalətli, dönməz, kəskin oldu. Bütün dünyaya nümunə olan bu haqq savaşı nəzəri ədəbiyyatlarda əksini tapan, siyasətin məntiqli davamı, ədalətin bərpasının ən son vasitəsi oldu.

Müharibədən ötən müddət ərzində bu tarixi siyasi gedişin strateji memarı olan dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin ermənilər üçün təklif etdiyi yol xəritəsi bu gün  batmaqda,  məhv olmaqda olan Ermənistan üçün yeganə xilas yoludur. Onlara təklif olunan sülhün alternativi yoxdur. Tarixi qələbəmiz və bu qələbədən ötən müddət ərzində onlara təklif olunan səmimi qonşuluq münasibəti, əlaqələrin və kommunikasiyaların bərpası çağırışlarını, özlərinin tarixi “ermənilik xəstəliyi”ndən   müalicə  olunmaları üçün  regiona, dünyaya  inteqrasiya  təkliflərini  geriyə  çevirərlərsə, o zaman tarix  səhnəsindən  silinmiş olacaqlar. Tarix boyu qonşuları ilə o qədər ləyaqətsiz davranıblar ki, indi bəlkə də Azərbaycanın təklifləri onlar üçün inanılmazdır, gözlənilməzdir. Necə deyərlər prosesləri “öz arşınları ilə ölçürlər”.

Bir neçə gün öncə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İsmayıllı rayonuna səfərləri zamanı səsləndirilən fikirlərdə qeyd olunduğu kimi, “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”. Ermənilərin başqa yolu yoxdur. Əgər bu fikir də tarixin bataqlığında   vurnuxan erməni cəmiyyətini ayıltmayacaqsa, kimlərəsə, hansısa dövlətə, yaxud dövlətlərə güvənib öz   sərsəm niyyətlərindən əl çəkməyəcəklərsə, o zaman itirən və uduzan tərəf yenə özləri olacaq.

Çünki 44 günlük müharibədən ötən 2 ilə yaxın müddət ərzində görünən odur ki, Qarabağ ərazisində yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
Prezidentin dediyi kimi, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir: “Ermənistan öz təsir imkanlarını itirmək üzrədir. Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil”.

Odur ki, Qarabağın Azərbaycanın ayrılmaz, əzəli və əbədi torpağı olduğu bu gün bütün region və dünya dövlətlərinin qəbul etdiyi tarixi həqiqətdir. Bu mövzuyla bağlı bütün digər məsələlər isə yalnız təfərrüatdır.


       Kamil Qurbanlı,
       YAP Biləsuvar rayon təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan