» » » Dənizlə söhbət edən şair


Dənizlə söhbət edən şair

  Poeziya aləmində kövrək addımlarını atan gənc şair, AYB-inin üzvü, AJB- inin üzvü, MHUİB--inin üzvü, Prezident mükafatçısı, Cəsarətli qələm mükafatçısı, nəğməkar şair- jurnalist Fuad Biləsuvarlı yeni şeirlərini oxucularına növbəti "Dənizlə söhbət" adlı toplusunda təqdim edir.

 Mən Fuadın bundan əvvəl çap olunmuş kitabları ilə də tanışam. Yeni kitabındakı şeirlər göstərir ki, Fuad bu çətin yolda addımlarını daha inamla atır.

  Fuadın mövzu dairəsi çox genişdir.
O da hisslərini poeziyaya çevirərək məhəbbətdən, Vətəndən, yurd sevgisindən, ana torpaqdan,  Zəfər qələbəmizdən yazır.

   İnsan sevgi ilə qoşa doğulur. Bütün həmyaşıdları kimi, Fuad da bu hissləri yaşayır və hisslərini həzin misralara çevirir. 
        Sənə bu ayrılıq asan gəlməsin,
        Elə et, çoxları sənə gülməsin.
        Əgər istəyirsən Fuad ölməsin,
        Ayrılma sən məndən,beləyad

        kimi... 

   Gənclik arzularla dolu olur. Gənclik ömrün sevgi çağıdır və Fuadın bu mövzuda şeirlərinin çox olması təbiidir. 

    Fuad da ülvi arzularla yaşayır, sabaha inamla baxır və istəklərə yetmək üçün özünə elimizin qəhrəman oğlu Mübariz qətiyyəti, dözümü arzulayır: 
   - Mübariztək istəyirəm olam özüm
    Hər əzaba gərək dözüm.
    Əlbət, bir gün arzularım,
    Ürəyimə yollar salar.
    Çünki hələ irəlidə görüləcək
    Çox -çox böyük işlərim var... 

   
          Başqa bir şeirində Fuad: 
          - Keçmişimə vida deyib
           Gələcəklə yaşayıram... , - deyir. 

Kitabına başlıq seçdiyi " Dənizlə söhbət" adlı şeirində isə Fuad daha səmimidir. 

            - Gəldim ki, dərdimi dənizə deyəm,
              Dedim, bəlkə, dəniz anlaya məni... 


   Bütün xalqımız kimi, Fuad da Vətənə, torpağa bağlı bir şairdir. Ali Baş Konandanın iradə və qətiyyəti, Zəfər Qələbəmiz, ordumuzun, igid əsgərlərimizin dastanlara sığmayan hünəri, cənnət Qarabağ torpaqlarımızın işğaldan azad olması onu ehtizaza gətirir. Kitabda yer almış " Yurdun əsgəri" şeirində Fuad belə deyir: 

         - Ay Çingiz, Mübariz, Rəşad ruhun şad,
           Uğrunda öldüyün Qarabağ azad.
           Ordunla gözəldir Şuşada həyat,
           Təkcə mən demirəm, deyir minləri,
            Zəfərin mübarək, yurdun əsgəri


     Fuada tövsiyələrim də var: çap olunmağa tələsmə. Daim axtarışdan olmağa, sözü  ürəyinin odunda bişirməyə tələs. Unutma ki, ürəkdən yazmasan, ürəklərə təsir edə bilməyəcəksən. Təkcə poeziyada deyil, bütün söz aləmində bu həqiqət danılmazdır.

    Poeziya çətin yoldur, nəhəng dəryadır. Bu dəryada " mirvari" axtaranlar son dərəcə cəfakeş, yorulmaz, cəsarətli olmalıdırlar...

      "Dənizlə söhbət" göstərir ki, Fuad baş vurduğu bu ümmanda qalıb üzmək istəyir. Kitaba son söz yazmış Sevinc Muğannanın dediyi kimi, " Şeirimizə bütün çətinliklərə rəğmən Fuad Biləsuvarlı kimi eşq dolu, sevdalı bir gəncin gəlişi məni çox sevindirir.
İnanıram ki, bu sevincim məni ömrüm boyu tərk etməyəcək..." 

        Poetik yolların həmişə açıq olsun, Fuad. Sənə uğurlar arzulayırıq. 
   Mirzə Müşfiq,
   Tərəqqi medallı,
   AJB - nin üzvü

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan