» » Ayda 300 manat qazanan adam 350 manat alimenti necə ödəsin? - Millət vəkili


Ayda 300 manat qazanan adam 350 manat alimenti necə ödəsin? - Millət vəkili


"Aliment anlayışı geniş məfhumdur, tək uşaqların yox, ümumilikdə 8 fərqli sosial-demoqrafik qrupda insanların saxlanmasına hədəflənib. Yəni, alimenti tək uşaqlar almır, eyni zamanda yetkinlik yaşına çatmış övladların valideynlərini, ər-arvadın bir-birini, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, habelə, nəvələrin baba və nənəni, övladların ögey ata və ananı, hətta yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq və qanunla müəyyən olunan hallarda onlara aliment ödəmək vəzifəsi var. Bu mənada Aliment Fondundan danışarkən bu məsələlərə diqqət edərək fonda ad vermək lazımdır. Ümumilikdə isə Aliment Fondunun yaradılması təklifi özlüyündə uşaqların layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində müsbət təşəbbüsdür".
Bu barədə e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib.
Onun sözlərinə görə, aliment və alimentin indeksasiyasi ilə bağlı iddiaların böyük əksəriyyətinin məhkəmələr tərəfindən təmin edildiyini vəkillər yaxşı bilirlər. B. Məhərrəmov deyib ki, hüquq sistemi öz işini görür, amma ortada nəticə olmur, aliment ödənmir: "Aliment Fondu bu baxımdan ödəniş məsələsini kökündən həll edir. Lakin gəlin baxaq, vətəndaş niyə alimenti ödəmir? Etiraf edək ki, bizdə sivil boşanma proseduru çox təsadüfən baş verir. Azərbaycan reallığında bəzi istisnalarla, adətən boşananlar düşmən olur. Bu mənada, ər-arvad arasında şəxsi qərəz, qarşı tərəfi məhrumiyyətlərə məruz qoymaq istəyi, uşaqdan təzyiq vasitəsi olaraq istifadə etmək, eləcə də aliment verməmək kimi ucuz davranışlar təəssüf ki geniş yayılıb. Aliment Fondu yaranarsa təbii ki, dövlət kreditor kimi çıxış etməyə başlayır və borclunun ödənişdən başqa yolu qalmır".
Deputat qeyd edib ki, hər kəs bilərəkdən alimentdən yayınmır:
"Məsələn, kənd yerlərində tam gəlirsiz insanlar, yaxud iş tapandan-tapana günə 5 manata fəhləlik edənlər var. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumunun məbləği müəyyən edilərkən uşaqlar üçün ölkə üzrə 175 manat təsbit edilib. Əmək qabiliyyətli əhali üçün bu rəqəm 207 manatdır. Ailə qanunvericiliyinə əsasən, valideynin qazancı və ya sair gəliri yoxdursa, iddiaçının tələbi ilə alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Təcrübə onu göstərir ki, məhkəmələr də qeyd olunan halları nəzərə almadan bir qayda olaraq qazancı və ya sair gəliri olmayan valideyn üçün hər uşağa görə 175 manat sabit məbləğdə aliment müəyyən edir. Belə vəziyyətdə işsizlər, yaxud ən yaxşı halda ayda 300 manat qazanmağı bacaran fəhlə yalnız alimentə 350 manatı necə ödəyə bilər? Üstəlik, bir vətəndaş kimi onun özünün də yaşaması üçün ayda 207 manat lazımdır. Təbii ki, şərti olaraq “Aliment Fondu” adlandırdığımız fond yaradılsa, tərəf aylıq ödənişini alacaq, lakin vətəndaş əvvəl uşaq qarşısında borclu qalırdısa, indi dövlət qarşısında borclu qalacaq, yəni vətəndaş üçün heç nə dəyişmir. Dövlət isə kreditor kimi həm əlavə maliyyə yüklənməsinə gedir, həm də borcun alınması ilə bağlı əlavə vəsait itirir. Dövlətə borcunu ödəyə bilməyən vətəndaşı isə məhkəmə qərarını icra etməməyə görə həbsxanaya qədər yol gözləyir. Demək ki, fond ideyası birtərəfli çıxış yoludur. Təbii ki, vətəndaşın borcunu uzunmüddətli kredit formatına salmaqla, yaxud başqa güzəştlərlə ödəməsinə şərait yaratmaqla fond ideyasını daha işlək mexanizmə çevirmək mümkündür. Lakin son günlər başqa bir risk - Aliment Fondunun boşanmaların sayını artıracağı ilə bağlı narahatlıqlar müzakirə olunmaqdadır. Hesab edirəm ki, problemə ciddi yanaşılmalı, ehtiyatlılıq nümayiş etdirməli və sahəvi ekspertlərin məsələ ilə bağlı rəyi alınmalıdır", - deyə millət vəkili vurğulayıb.
        Sevgül Qasımzadə
        https://www.e-huquq.az/
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi