» » Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib


Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib


Bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ümdə hədəflərindəndir və bu mənada dövlətimiz 1992-ci ildən üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli birgə fəaliyyətdə maraqlıdır. Yaxın tarixdən məlumdur ki, 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına Bakı ev sahibliyi edib və təşkilatın sonrakı fəaliyyətində Azərbaycanın prinsipial mövqeyi həmişə yekdil olaraq dəstəklənib. Xüsusilə, Prezident İlham Əliyev nüfuzlu lider, təcrübəli diplomat və siyasi xadim kimi Qarabağ həqiqətləri, Ermənistanın təcavüzü və Azərbaycanın bəzi hallarda məruz qaldığı ikili standartların darmadağın edilməsində İƏT platformasından məharətlə istifadə etmiş, ciddi nəticələr əldə olunub. Təsadüfi deyil ki, Vətən müharibəsində İƏT-in qurucu üzvləri Türkiyə və Pakistan, daha sonra isə Əfqanıstan birmənalı və kəskin mövqe ortaya qoyub, Azərbaycanın haqq işinə açıq dəstək nümayiş etdiriblər. Elə İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında da Türkiyə Cümhuriyyətinin Prezidenti və Pakistanın Baş nazirinin analoji məzmunda çıxışlarında Azərbaycan xalqının zəfərinə xüsusi önəm verməsi prosesin davamı kimi qiymətləndirilməlidir. Təbii ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalaraq, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsipləri rəhbər tutaraq belə bir platformadan yararlanmaqda maraqlıdır. Lakin, unutmaq olmaz ki, 44 günlük müharibədən sonra Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsi, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması ilə artıq bölgədə yeni bir reallıq hökm sürür. Azərbaycan bölgədə nüfuzunun və güc əmsalının artması dövlətin hədəflərini genişləndirib. Heç şübhəsiz ki, zamanında Prezident İlham Əliyevin uğurlu siyasi gedişləri, ikitərəfli və çoxtərəfli formatda münasibətlərin yüksək səviyyəyə qaldırılması növbəti mərhələdə də İƏT-in Azərbaycana yekdil dəstəyini təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, dövlət başçısının çıxışından da aydındır ki, mənəvi dəyərlər, tolerantlıq və İslam amili birlik və əməkdaşlıq istiqamətində fəaliyyətin mühüm meyarlardan biri olacaq. Azərbaycan yalnız sözdə deyil, əməldə də müsəlman ölkələri arasında həmrəyliyin güclənməsinə dəyərli töhfələr verməsi, dünyada islamofobiyaya qarşı mübarizənin ön cərgəsində yer tutması, habelə multikultural dəyərlərin təbliği istiqamətində real addımları heç şübhəsiz ölkəmizi Qərb və Şərq arasındakı dialoq məkanına, rəsmi Bakını isə qlobal moderatora çevirəcək, Azərbaycanın sivilizasiyalararası mənəvi-siyasi körpü rolunu artıracaq.
Deputat söyləyib: “Ermənistanın 30 il işğalda saxladığı ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtması, məscidlərin, mədəni və dini abidələrinə münasibətdə hörmətsizlik və vandalizm aktlarının törədilməsinin bütövlükdə İslam dünyasına hörmətsizlik və düşmən münasibətin təzahürü olması barədə Prezident İlham Əliyevin tezisləri təbii ki, yeni reallıqda xüsusən aktuallaşacaq, Ermənistanı eləcə də onun bölgədəki havadarlarını fakt qarşısında qoyacaq. Yəni, Ermənistana və dolayısı ilə təcavüzə dəstək verən müsəlman dövlətləri və ya gücləri bütövlükdə İslam dünyasına hesabat verməli olacaq.
Əlbəttə, yeni reallıq və imkanlar yalnız siyasi əlaqələrə əsaslanmır, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib. Azərbaycanı Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində aparıcı həlqələrdən, habelə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevirməklə Prezident İlham Əliyev beynəlxalq mövqeyimizi əsaslı formada möhkəmləndirib”.
Bəhruz Məhərrəmov vurğulayıb ki, artıq regionda marağı olan, yaxud regionla əlaqəli olmasa da, iqtisadi imkanlarını artırmaq istəyən dövlətlər üçün deyil, Azərbaycanın qarşısında və Ermənistanın yanında, hətta, Azərbaycana neytral münasibətdə qalmaq belə həmin dövlətin milli maraqları üçün çıxarlı olmayacaq. Artıq Azərbaycanla bərabər yürümək Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələrindən və imkanlardan faydalanmaq deməkdir. Xüsusən, Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə Zəngəzur dəhlizi kimi beynəlxalq nəqliyyat dəhlizinin açılmasına şəraitin yaranması, bu layihəni realizə etmək üçün Azərbaycanın güclü təsir imkanlarının olması təqdirəlayiqdir. Həmçinin layihə iştirakçılarının milli maraqları Ermənistan üzərində əlavə təzyiqləri artıraraq revanşist meyillərin kök atmaması üçün zəmin yaratmaqla Ermənistanın özünün də Azərbaycanın təzminat tələblərini yerinə yetirmək şərti ilə bu prosesdən faydalanmasına şərait yaradır. Bütün bunlar isə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlənməsinə, prosesə regional oyunçuların qatılması, quruculuq bərpa işlərinə xarici investorların cəlb olunması perspektivlərinə töhfəsini verəcək. Azərbaycan isə artıq beynəlxalq reytinqlərə əsasən, xarici investisiya üçün münbit məkandır.
“Eyni zamanda, investorlar üçün Azərbaycanın etibarlı tərəfdaş olmasına şübhə yoxdur. Azərbaycan 1993-cü ildən etibarən bütün münasibətlər üzrə özünü öhdəliklərə sadiq tərəf kimi dəfələrlə sübut edib. Eyni zamanda, pandemiya ilə mübarizədə qlobal səyləri, Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olması, humanitar və maliyyə yardımları göstərməsi, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ədalətsiz bölünməsini aşkar şəkildə pisləməsi, bu istiqamətdə BMT-nin aidiyyəti təsisatında qətnamə layihəsi təklif etməsi qlobal lider rolunu da ortaya çıxardığı üçün Azərbaycanın mövqeyini tarixin heç bir dövründə olmadığı qədər gücləndirib”,- deyə deputat fikirlərini yekunlaşdırıb.

  Bakı, 6 mart, AZƏRTAC

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR