- 23 sentyabr, 18:39
- 534 dəfə oxunub
- 0
25 şəhid ailəsinə medallar təqdim olundu
Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş bir qrup biləsuvarlı igidlərin medalları ailələrinə təqdim olunub.
"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən təqdimat mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edib.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov əhatəli çıxışında bildirmişdir ki, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz şücaətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Döyüşlərdə Azərbaycan Ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirdə qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan 25 şəhidin medallar ailələrinə təqdim olundu.
Təqdimat mərasimində çıxış edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.