» » » Nərimankənd kəndində şəhidlər anılıb


Nərimankənd kəndində şəhidlər anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının rəsmiləri rayonun Nərimankənd kəndində şəhid ailələrini ziyarət edib.

“Bilesuvarinfo ” xəbər verir ki, YAP - ı Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı Samir Ağayev, ərazi partiya təşkilat sədrlərindən Bəhruz Qafarov, Rəşad Əliyev, Rauf Nuri və ictimaiyyət nümayəndələri Nərimankənd kəndində şəhid Əliyev Pərvin Səlahəddin oğlunun və şəhid Hüseynov Rahil Əfsər oğlunun şəhidlik zirvəsinə ucalmalarının ildönümləri ilə əlaqədar anım mərasimində iştirak ediblər.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı mərasimdə qeyd edib ki, şəhidlərimiz xalqımızın yaddaşında bizlərə qələbəni yaşadan əbədi qəhrəmanlar olaraq daim yaşayacaqlar. Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının yağı düşmənin tapdağından azad edilməsilə, həm də I Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Kamil Qurbanlı vurğuladı ki, şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənimizin bütövlüyünü təmin etdilər. Azərbaycanın yenilməz, mübariz xalq olduğu bir daha öz təsdiqini tapdı. Şəhidlərimizin ruhu bu gün şaddır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır.

Şəhid Pərvin Əliyevin və şəhid Rahil Hüseynovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər.

Daha sonra ictimaiyyət nümayəndələri ilə birgə kənd qəbristanlıqında şəhidlərimizin məzarlarını ziyarət edərək, ruhlarına dualar oxundu.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olan Pərvin Səlahəddin oğlu Əliyev 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salınıb. Şəhid Pərvin Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə”, Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, “Qüsursuz xidmətə görə” III dərəcəli və “Qüsursuz xidmətə görə” II dərəcəli medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun kiçik gizir Rahil Əfsər oğlu Hüseynov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salınıb. Şəhid Rahil Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR