Biləsuvarda rabitənin dirçəldilməsində hansı işlər görülür? » Yerli İnformasiya Agentliyi
» » Biləsuvarda rabitənin dirçəldilməsində hansı işlər görülür?

Biləsuvarda rabitənin dirçəldilməsində hansı işlər görülür?

Ölkəmizdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlər davam etdirilir. 
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətindən “Bilesuvarinfo”ya Biləsuvar rayonunda bu istiqamətdə görülən işlərə aydınlıq gətirilərkən qeyd edilmişdir:

- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi tərəfindən ölkədə informasiya texnologiyalarının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilməkdədir. Bu layihələr Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş istiqamətlərdən irəli gəlir.

Məlumat üçün bildirək ki, uzun müddətdir xidməti ərazilərimizdə istifadə olunan paylayıcı şəbəkə (rabitə xətləri, avadanlıqlar və s.) kifayət qədər köhnəlmiş və müasir tələblərə cavab vermir. Hazırkı xətlər köhnəlmiş mis kabellərdir ki, bu da istər sabit rabitə xidmətlərinin verilməsində, istərsə də yüksəksürətli internet xidmətlərinin verilməsində ciddi problemlərə səbəb olur. Hazırkı şəbəkə öz başlanğıcını Elektron ATS-lərdən götürür. EATS-lərdən isə abunəçilərə məsafə uzaq olduğundan, yüksəksürətli internetin verilməsində maneələr yaranır və abunəçilərin haqlı narazılığına səbəb olur.

“Aztelekom” xidmətlərdə olan problemləri aradan qaldırmaq, onları yüksək standartlara uyğunlaşdırmaq üçün paylayıcı şəbəkəni yeniləyir, müasir avadanlıqlar quraşdırır. Azərbaycan Respublikasında   artıq rabitə şəbəkəsini yeni, müasir standartlara uyğunlaşdırmaq üçün yenidənqurma işləri başlanmış və mərhələli şəkildə aparılmaqdadır. Layihələrin həyata keçirilməsi nəticəsində region telekommunikasiya şəbəkəsində optik kabelin çəkisi 80%-ə çatdırılacaq.

Hazırda “Aztelekom” tərəfindən aparılan işlər nəticəsində yenilənəcək şəbəkə vasitəsilə əhalinin tələblərini qarşılamaq mümkün olacaq. Bu işlər bitdikdən sonra abunəçilər keyfiyyətli rabitə və internet xidmətləri ilə yanaşı, yeni xidmətlərlə də təmin olunacaqlar.

Vətəndaşların rabitə xidmətlərinə olan tələbatını nəzərə alaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən regionlarda mövcud xətt şəbəkəsinin GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında tikinti quraşdırma işlərinə başlanılıb.  O cümlədən, cari il ərzində Biləsuvar rayonunda  da rabitə infrastrukturunun təkmilləşdirilməsi, əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görülür.

 Yeni salınmış yaşayış massivlərini və artan küçələrin sayını nəzərə alaraq xidməti ərazidə bütün ev təsərrüfatlarının tam əhatə olunması, mövcud fiziki kabellərlə işləyən abunəçilərin yeni şəbəkə olan GPON şəbəkəsinə köçürülməsi, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə rayonda layihə üzrə xətt şəbəkəsinin qurulması işləri davam etdirilir.

Artıq şəhər ərazisinin yeni yaşayış massivləri və Xırmandalı, Əliabad, Bağbanlar, Zəhmətabad, Əsgərabad və Aşağı Cürəli kəndləri də layihə üzrə tam əhatə olunacaq. Bu da əlavə olaraq yaxın iki ildə 10 000 -ə yaxın telefon və internet xidmətinin çəkilişi deməkdir.

Qeyd edək ki, “Aztelekom” MMC-nin Biləsuvar filialının ərazisində 25 kənd üzrə 18 EATS  və rayon mərkəzində 1 ədəd EATS mövcuddur. Filial ərazisində mərkəz də daxil olmaqla ümumilikdə 6578 telefon, 5549 internet abunəçisi var.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq