Avropa İttifaqı Azərbaycanla əlaqələri müsbət istiqamətdə inkişaf etdirməyi daha üstün tutur » Yerli İnformasiya Agentliyi
» » Avropa İttifaqı Azərbaycanla əlaqələri müsbət istiqamətdə inkişaf etdirməyi daha üstün tutur

Avropa İttifaqı Azərbaycanla əlaqələri müsbət istiqamətdə inkişaf etdirməyi daha üstün tutur


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri, keçirilmiş görüşlər, verilmiş bəyanat və ifadə olunmuş niyyət postmünaqişə dövründə Azərbaycanla təşkilat arasında münasibətlərin sonrakı mərhələlərinin təsbiti baxımdan həlledici rola malik oldu.

"Bilesuvarinfo" xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat diqqətə çatdırıb ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət, o cümlədən əsas ixrac və ikinci vacib idxal tərəfdaşıdır. Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olmasını, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıq fonunda bu münasibətlərin bir daha dəyərləndirilməsi ehtiyacını nəzərə alsaq, Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana səfərini həm də yaxşı siyasi fürsət kimi dəyərləndirmək olar.

“Proseslərin gedişi onu göstərdi ki, əslində, təşkilat özü də yeni reallığı qəbul edərək, Azərbaycanla əlaqələrin inkişafında yeni səhifənin açılmasında maraqlıdır. Şarl Mişelin yeni reallıq fonunda rəsmi Bakı ilə mümkün qədər dil tapmaq üslubunu seçməsi, məsələn, “münaqişə” deyil, “mübahisə” ifadəsini işlətməsi, habelə Avropa İttifaqının reallıqla barışmaq istəməyən bəzi siyasi fərdlərindən fərqli olaraq, Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi niyyətini açıq formada ifadə etməsi, əslində, elə yeni reallıq fonunda təşkilatın münasibətlərimizə yeni baxışı idi. Bir sözlə, Avropa İttifaqının yüksəksəviyyəli rəsmi nümayəndəsi vasitəsilə Azərbaycanla əməkdaşlığın strateji müstəviyə yüksəldilməsi niyyətini bəyan etməsi həm Vətən müharibəsi nəticəsində yaranmış reallığın qəbulu, həm də Zəfərin nəticələrinin tanınması demək idi. Xüsusilə də sərhədlərin delimitasiyası məsələsi üzrə Avropanın ekspert yardımını göstərməyə və arzu edilərsə, Avropa monitorinqini aparmağa hazır olduqlarını bəyan etməklə Şarl Mişel revanşistlər və onlara havadarlıq edən bəzi Avropa siyasilərindən fərqli olaraq, münaqişənin başa çatdığını və artıq sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başlanmalı olduğunu rəsmən ifadə edərək, tam mənada Bakının mövqeyini bölüşdüyünü göstərdi”, - deyə B.Məhərrəmov vurğulayıb.

Avropa İttifaqının özünün siyasi maraqlarının olduğunu diqqətə çatdıran B.Məhərrəmov Cənubi Qafqazın da bu maraqlarda özünəməxsus yer tutduğunu qeyd edib. O deyib: “Belə bir vəziyyətdə görünən odur ki, Cənubi Qafqazda aparıcı gücün Azərbaycan olması təşkilatı bizə daha həssas yanaşmağa vadar edir. Həmçinin Prezident İlham Əliyevin uzaqgörən siyasi gedişlərinin nəticəsi olaraq, Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Dövlətimizin başçısının da səsləndirdiyi kimi, artıq Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Əlbəttə, bu, Aİ rəsmisinin yeni reallıqda Azərbaycanla münasibətlərin perspektivi barədə nikbinliyinin kökündə dayanan amillərdən biridir. Habelə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin ən sabit və dayanıqlı mənbələrindən biri olması rəsmi Bakının təşkilatla münasibətlərdə əhəmiyyətini və çəkisini xeyli artırır. Rəsmi Bakının artan əhəmiyyəti Avropada erməni lobbisi və ermənipərəst dairələrin təzyiqlərinin nəticələri ilə müqayisədə onun mövqeyinin daha üstün tutulmasına gətirib çıxarır".

Deputatın vurğulayıb ki, biz səfər zamanı Avropa İttifaqının Azərbaycanla münasibətlərin düzgün qurulmasını və əlaqələri müsbət istiqamətdə inkişaf etdirməyi daha üstün tutmasına şahidlik etdik.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq