“Vahid sahədə vahid əkin” layihəsi fermerlərin gəlirini artıracaq » Yerli İnformasiya Agentliyi
» » “Vahid sahədə vahid əkin” layihəsi fermerlərin gəlirini artıracaq

“Vahid sahədə vahid əkin” layihəsi fermerlərin gəlirini artıracaq


Ötən əsrin 90-cı illərində Azərbaycanda aparılan aqrar islahatlar nəticəsində torpaqlar fərdi mülkiyyətə verilib. Pay torpaqları əsasında ailə-kəndli təsərrüfatları formalaşıb və bu gün ölkədə kənd təsərrüfatının inkişafında bu təsərrüfatların üzərinə böyük məsuliyyət düşür. Lakin hazırkı dövrdə fermerlərin əməkdaşlığı vacib məqamlardan biri kimi ön plana çıxır. Bu əməkdaşlıq bir çox problemlərin həllində mühüm rol oynaya bilər. 

Məhz bu gün ölkədə müzakirə olunan “Vahid sahədə vahid əkin” konsepsiyası  fermerlər arasında qarşılıqlı əməkdaşlığı istər qarşıya çıxan problemlərin həllində, istərsə də torpaqdan istifadədə səmərəlik baxımından təqdirəlayiq hesab etmək olar.

“Vahid sahədə vahid əkin” layihəsinə necə qoşulmaq olar?.  Nəzərdə tutulan bu yeniliyin həyata keçirilməsi kəndlilələrə nə kimi faydası olacaq?.  Bu kimi suallara Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev "Bilesuvarinfo" ya açıqlamasında aydınlıq gətirmişdir:

- EKTİS-dəki torpaq məlumatlarının təhlili göstərir ki, ailə-kəndli təsərrüfatlarının böyük əksəriyyətinin sərəncamında olan pay torpaqlarının sahəsi 3-5 hektardan artıq deyil. Bu səbəbdən ölkədə xırda fermer təsərrüfatları üstünlük təşkil edir. Lakin kiçik fermer təsərrüfatlarının sərəncamında olan torpaq sahələrinin ölçüləri bu sahələrdə nəinki intensiv istehsalın təşkilini, suvarma işlərinin aparılmasını da çətinləşdirir. Eyni zamanda, kiçik pay torpaqlarında növbəli əkin sisteminin tətbiqi mümkün olmur və nəticədə istehsalın rentabellik səviyyəsi aşağı düşür.

Aparılan təhlillər bir məqamı da üzə çıxarıb - kiçik pay torpaqlarının xeyli hissəsi vahid ərazilərdə yerləşir. Bu massivlərdə fermerlər fərqli bitkilər becərirlər. Bu isə fermerlərin aqrar fəaliyyətdən maksimum səmərə götürməsində çoxlu çətinliklər yaradır.

Mərkəzin direktorunun sözlərinə görə, geniş ərazilərdə kiçik torpaq sahəsi olan fermerlərin üzləşdikləri çətinliklər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi təhlil edilib və “Vahid sahədə vahid əkin” layihəsi həyata keçirilməyə başlayıb. Bu layihə vahid sahələrdə kiçik həcmdə pay torpaqları olan fermerlərin üzləşdikləri problemləri köklü şəkildə aradan qaldıracaq. Yeni əməkdaşlıq modeli fermerə daha çox qazandıracaq. 


Vahid sahədə vahid əkin kiçik torpaq mülkiyyətçilərinə nə verir? 
 Bu barədə danışan mərkəzin direktoru qeyd edib ki, eyni massivdə torpaq payı olan hər fermer kanaldan öz sahəsinə arx çəkir. Nəticədə torpaqların bir hissəsi məcburən arx altına düşür və çoxlu sayda arxın çəkilməsi torpaq itkisinə gətirib çıxarır. Hesablamalara görə, kiçik torpaq sahələrinə arxların çəkilməsi təxminən 10 faiz torpaq itkisi deməkdir. Lakin fermerlər vahid massivdə yerləşən torpaqlarda eyni bitkini əkməyə üstünlük versələr, həmin torpaqlara vahid arx çəkilmiş olacaq. Bu, artıq əvvəllər çoxlu arx çəkilişinə görə itkiyə gedən torpaqların yenidən əkin dövriyyəsinə qayıtması, fermerlərin 10 faiz artıq torpaq qazanması deməkdir.

Yanaşı torpaq sahələrində fərqli bitkilərin becərilməsi istənilən halda məhsuldarlığı risk altına salır. Vegetasiya dövründə zərərvericilərlə mübarizədə pambıq sahənin dərmanlanması yanaşı sahədə yerləşən günəbaxan sahəsinə zərər verir, yaxud taxıl sahəsində alaq otlarına qarşı aparılan kimyəvi mübarizə qonşu sahədəki bostan bitkilərinə mənfi təsir göstərir. Fermerlər vahid əkin barədə razılıq əldə etdikdə isə bu problem aradan qalxacaq. Hamı eyni bitkini əkdiyinə görə eyni aqrotexniki qulluq aparılacaq, zərərvericilərə qarşı mübarizə hansısa fermerə ziyan vurmayacaq.

“Vahid sahədə vahid əkin” konsepsiyası fermerlərin texnikaya tələbatla bağlı çətinliklərini də aradan qaldırmış olur. Əgər 20 hektarlıq sahədə 5 fərqli bitki əkilibsə, bu, şum, səpin, məhsul yığımı dövründə ən azı 5 növ fərqli texnikaya tələbatın yaranması deməkdir. Eyni sahədə bir fermerə pambıqyığan, digərinə otçalan, üçüncüsünə qarğıdalıyığan kombayn tələb olunur. Vahid massivlərdə fermerlər eyni bitkini əkdikdə texnika məsələsi aradan qalxır, şum, səpin, məhsul yığımı vaxtında həyata keçirilir və yenə də fermer qazanır.

Yeni layihənin üstünlükləri təkcə bundan ibarət deyil. Bu, ölkənin torpaq və su ehtiyatlarından səmərəli istifadəyə imkan verən, növbəli əkinin həyata keçirilməsini asanlaşdıran, ən əsası fermerin gəlirlərini artıran bir modeldir.

 “Vahid sahədə vahid əkin” prinsipi üzrə əkinə cəlb olunan torpaqlarda pambıq, taxıl, yonca, günəbaxan və kartof becərilməsi nəzərdə tutulur. Yazlıq əkinlər dövründə vahid əkin sahələrinin və əkinə cəlb olunacaq bitkilərin sayının artacağı gözlənilir. Nazirlik fermerlərə seçim zamanı rayonun hansı kənd təsərrüfatı məhsulu üzrə ixtisaslaşmasını nəzərə almağı tövsiyə edir.

 “Vahid sahədə vahid əkin” yanaşması kooperativləşmə deyil, kənd təsərrüfatı kooperasiyalarının yaradılması istiqamətində bir mərhələdir. “Vahid massivlərdə eyni bitkini becərmək də, kooperativ yaratmaq da könüllülük işidir, hazırkı layihəyə qoşulan fermerlər gələcəkdə kooperativ yaradıb-yaratmamağa özləri qərar verəcəklər. Bu səbəbdən “Vahid sahədə vahid əkin” yanaşması indiki mərhələdə kooperativlərə alternativ Azərbaycan modeli sayıla bilər. Bu istiqamətdə fermerlərdən gələn təşəbbüslərin artması göstərir ki, model düzgün seçilib və bu layihənin tətbiqindən istər fermerlər, istərsə də dövlət qazanclı çıxacaq.

Hazırda bu məqsədlə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində fermerlər qeydiyyatdan keçirlər. Birləşdirilən əkinə yararlı torpaq sahəsi minimum 50 hektar olmaqla fermerlərin sayı 10 nəfərdən az olmamaqla həyata keçirilir.

 “Vahid sahədə vahid əkin” layihəsinə qoşulmaq üçün fermerlər Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında məlumat burosuna yaxınlaşaraq müraciət edə bilərlər.

      Surxay Şahbazov
      Baş redaktor
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

torpaq