» » Nazirlər Kabinetinin hesabatında Deputat Bəhruz Məhərrəmovun çıxışının mətni


Nazirlər Kabinetinin hesabatında Deputat Bəhruz Məhərrəmovun çıxışının mətni


Bu gün  Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənildi. İclasda Deputat Bəhruz Məhərrəmovun  yazılı formada təqdim etdiyi və hökumət qarşısında qaldırdığı məsələlərin əhatə olunduğu  çıxışının mətninini Sizinlə bölüşürük. 

    Hörmətli Sədr, cənab Baş nazir, əziz həmkarlar, dəyərli hökumət üzvləri.
   Əvvəlcə hər birinizi özümün və təmsil etdiyim 66 saylı Biləsuvar seçki dairəsi ərazisində yaşayan vətəndaşlarımızın adından İlaxır çərşənbə münasibəti ilə təbrik edirəm. Bu il nəhayət ki, Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun qəhramanlığı sayəsində bayramlarımızda bayram əhvalı var. Axır ki, torpaq çərşənbəsini işğaldan, təcavüzdən azad olunmuş müqəddəs torpaqlarımızda qeyd edirik. Düzdür erməni vandalizminin izləri - basdırılmış minalar hələ ki, insanlara bayramlarda ata-baba yurdlarına təhlükəsiz getməsinə imkan vermir, amma ötən gün ölkənin birinci ailəsinin işğaldan azad olunmuş rayonlarımıza növbəti səfəri elə hər bir qarabağlı ailəsinin bayramda ata-baba yurdunu ziyarət etməsi demək idi, həmçinin, bu səfərlə cənab İlham Əliyev o torpaqların əzəli və əbədi sahibinin kim olduğunu bir daha dünyaya göstərmiş oldu.

     Hökumətin hesabatına gəlincə, əlbəttə, yüksək qiymətləndirirəm. Nəzərə alsaq ki, 2020-ci il gərgin və fors-majorlar ili oldu, bu mənada cənab Prezidentin rəhbərliyi və şaxələndirilmiş fəaliyyət strategiyası əsasında göstərdiyi çevik reaksiyalara görə hökumətin işini yüksək qiymətləndirir və təbii ki, hesabata da müsbət münasibətimi ifadə edəcəyəm. 
Hesabatda bizim təkliflərimizə önəm verilməsi hakimiyyət qollarının səmərəli əməkdaşlığının nümunəsidir. Məni çox sevindirir ki, Biləsuvar şəhərində 1176 yerlik məktəb, Bağbanlar və Nəsimikənd məktəblərinin yenidən tikintisi, Bəydili, Səmədabad, Dərvişli kənd və  rayon internat məktəbin isə əsaslı təmiri yaxın 2 il ərzində artıq plana salınıb. Buna görə cənab Prezidentə, habelə, bu sahənin böyük hamisi Mehriban xanım Əliyevaya, o cümlədən hökumətə təşəkkür edirəm. Bütün bunlar onu göstərir ki, Cənab Prezidentin uğurlu strategiyasının nəticəsi olaraq problemlər fundamental olaraq həllini tapmaqdadır. Lakin həllini gözləyən vacib problemlər də var. Təbii Biləsuvarın ən böyük problemi su qıtlığıdır. Həm suvarma, həm də içməli su təminatında ciddi problemlər. Açıq deyim, kəndlərimiz var ki, bu gün də kanalların texniki suyundan evində içmək üçün istifadə edir. O da kanala su gələndən- gələnə. Bu mənada bu sahəyə hökumətimizin xüsusi diqqət ayırması, bölgəyə
yeni içməli su mənbəsinin çəkilməsi vacibdir.

    Habelə, rayonda Bolqarçay su anbarı, illərdir baxımsız, təmirsiz qalıb. Mən hörmətli Kənd təsərrüfatı nazirinin diqqətini cəlb etmək istəyirəm, Biləsuvar rayonunda əkilən sahələr hər il artır, hətta, örüş sahələri də əkilir, su mənbəyi dəyişmir, əksinə qlobal səbəblərdən azalmaqdadır. Bu mənada Bolqarçay su anbarının təmiri, yaxud, yeni sututarın yaradılması vacib vəzifədir. Nəzərə alaq ki, Biləsuvar pambıqçılıq rayonudur və normal su təminatı artıq məşğulluq probleminin də köklü həlli olacaq. Bu problem həll olunana qədər isə, cənab Baş nazir xahiş edirəm Biləsuvar rayonu üzrə sosial iş yerləri, habelə, özünüməşğulluq proqramı limitlərinin artırılması məsələsinə yardımçı olsanız.

    Bundan başqa, kəndlərdə internet, telefon, elektrik və yol infrastrukturunun yenilənməsinə ehtiyacımız var. Xüsusən, kənd yollarının onsuz da maddi cəhətdən böhran yaşayan bələdiyyələrin balansında olması, özünü yolların vəziyyətində göstərməkdədir. Bu mənada hökumətin müdaxiləsi və dəstəyi vacibdir. Həmçinin, Biləsuvar rayon Mədəniyyət mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Musiqi məktəbi, eləcə də Yuxarı Cürəli, Ovçubərə, Ağayrı və Amankənd məktəblərinin binasının təmirə, Şəhər 6 saylı, Nərimankənd, Təzəkənd, Yuxarı-Ağalıkənd, Çaylı və Günəşlı məktəblərinin yenidən tikilməsinə zəruri ehtiyac vardır. Qaldırdığım məsələlərin yaxın illərdə həll ediləcəyinə də əminəm. Çünki gedişat, mövcud siyasi iradənin qayəsi bunu deməyə əsas verir.

    Təşəkkür edirəm.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR